Bakı, TurkicWorld
Böyük Britaniyanın paytaxtı olan London, doğum səviyyəsinin aşağı düşməsi və gənc mühacirlərin sayının azalması səbəbindən ölkənin ən sürətlə qocalan şəhəri olub.
TurkicWorld xəbər verir ki , “Resolution Foundation” beyin mərkəzinin məlumatına əsasən, 2011-ci ildə Londonda orta yaş həddi 33,8 olduğu halda, 2023-cü ildə bu rəqəm iki il artaraq 35,8-ə çatıb.
Bununla yanaşı, digər böyük şəhərlərdə orta yaş həddi yarım il azalıb və 34,5-ə düşüb.
Londondakı qocalma sürətinin digər şəhərlərdən fərqli olmasının əsas səbəbləri kimi doğum səviyyəsinin azalması və Brexitdən sonra gənc beynəlxalq miqrantların paytaxtı daha az seçməsi göstərilir. 2000-ci illərdə Londonda hər 1000 nəfərə düşən doğum səviyyəsi 16 olduğu halda, 2010-cu illərdə bu göstərici 14-ə enib.
Digər tərəfdən, ölkənin ən qədim bölgəsi Şimali Norfolkda orta yaş 55,3, ən gənc ərazidə olan Tower Hamletsdə isə 30,6 olub. Yaşlanma daha çox kənd və sahil ərazilərində müşahidə olunur. Kənd yerlərində orta yaş həddi 2001-ci ildə 41,6 olduğu halda, 2023-cü ildə bu rəqəm 47,4-ə yüksəlib.
Sonda “Resolution Foundation” bildirir ki, doğum səviyyəsinin aşağı düşməsi və əhalinin qocalması səbəbindən səhiyyə və sosial infrastruktur xidmətlərinin yenidən təşkilinə ehtiyac var. Xüsusilə kənd və sahil ərazilərində dövlət xidmətlərinə təzyiqin artması ilə bağlı xəbərdarlıq edilərək, demoqrafik dəyişikliklərin regional iqtisadiyyata və ictimai xidmətlərə uzunmüddətli təsir göstərə biləcəyi vurğulanıb. Bu problemlərin həlli üçün məqsədyönlü siyasətə çağırış edilib.