Bakı, TurkicWorld
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası ilə bağlı başsağlığı verib.
TurkicWorld xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkə səhifəsində yazıb.
"Qazaxıstanda "Azərbaycan Hava Yolları" təyyarəsinin qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi. Fikirlərim bu faciə nəticəsində zərərçəkənlərlədir. Böyük Britaniya hökuməti Qazaxıstan hakimiyyəti ilə əlaqə saxlayır", - deyə o, "X" səhifəsində yazıb.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.
"İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub", - deyə Nazirliyin məlumatında bildirilir.
AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.