Bakı, TurkicWorld
ABŞ-ın mərkəzi və şərq bölgələrində güclü qar fırtınaları və qütb soyuqları həyatın iflic olmasına səbəb olub.
TurkicWorld xəbər verir ki, 13 ştatda əlverişsiz hava şəraiti təsirini göstərərkən, 7 ştatda artıq fövqəladə vəziyyət elan edilib.
Kanzas və Missuri ştatlarında baş verən qəzalar nəticəsində 3 nəfər həyatını itirib, 31 nəfər yaralanıb. Vaşinqton D.C., Merilend, Delaver və digər ərazilərdə qarın qalınlığı 40 santimetrə çatıb, dövlət məktəbləri və federal idarələr bağlanıb.
Vaşinqtonun meri Muriel Bouzer şəhərin qardan təmizlənməsi üçün çalışdıqlarını bildirərək, vətəndaşlara zərurət olmadıqca evdən çıxmamağı tövsiyə edib.
Ağ Evin sözçüsü Ceremi Edvards prezident Co Baydenin qış şərtlərini yaxından izlədiyini və lazımi dəstəyin göstərildiyini bildirib.
FlightAware saytına görə, qar və buzlanma səbəbindən 1400-dən çox uçuş təxirə salınıb. PowerOutage saytı isə 350 min evdə elektrik kəsintisi olduğunu qeyd edib.
ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) qarın azalmağa başlayacağını, lakin soyuq havanın təsirinin bir müddət davam edəcəyini proqnozlaşdırıb.