BAKI,TurkicWorld, Orxan Qədirzadə
Beynəlxalq Dəniz Təşkilatı (IMO) Hörmüz boğazından gəmilərin təhlükəsiz və sərbəst keçidini təmin etmək üçün diplomatik səylərini gücləndirib.
TurkicWorld xəbər verir ki, Təşkilatın Baş katibi "Bloomberg" agentliyinə verdiyi müsahibədə bildirib ki, İranın Hörmüz boğazından keçid üçün rüsum tətbiq etməsinə icazə verilməsi dünya dənizçilik tarixində təhlükəli bir presedent yarada bilər. O vurğulayıb ki, beynəlxalq sularda naviqasiya azadlığı qorunmalı və kommersiya gəmilərinin hərəkətinə qanunsuz məhdudiyyətlər qoyulmamalıdır.
Baş katibin sözlərinə görə, təşkilat hazırda Hörmüz boğazında gəmilərin maneəsiz keçidinə imkan verən "müharibədən əvvəlki mexanizmlərin" bərpasına rəhbərlik edir. Bu mexanizmlərin yenidən işə salınması bölgədəki gərginliyi azaltmaqla yanaşı, qlobal tədarük zəncirinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Beynəlxalq Dəniz Təşkilatı bu məsələdə bütün tərəfləri beynəlxalq dəniz hüququ normalarına riayət etməyə çağırıb.







