Son dəqiqə

ABŞ Suriya Cozef Bayden

Əsədin devrilməsi suriyalılar üçün tarixi fürsətdir - Bayden

Bakı, TurkicWorld

ABŞ prezidenti Co Bayden Suriya prezidenti Bəşər Əsədin rejiminin devrilməsini alqışlayaraq, bunun Suriyanın gələcəyi üçün mühüm bir dönüş nöqtəsi olduğunu bəyan edib.

TurkicWorld xəbər verir ki, Ağ Evdən etdiyi çıxışında Bayden, bu hadisəni suriyalılar üçün “tarixi fürsət” kimi xarakterizə edərək, siyasi keçid və daha yaxşı gələcək qurmaq üçün beynəlxalq əməkdaşlıq zərurətini vurğulayıb.

Bayden bildirib ki, ABŞ, Suriyanın siyasi keçid prosesinə dəstək vermək üçün “bütün qruplarla” işləyəcək. BMT-nin rəhbərliyi ilə yeni konstitusiya hazırlanması və müstəqil bir dövlət qurulması prioritetlər sırasında yer alır.
“Biz yeni bir Suriya qurmaq üçün bütün tərəflərlə çalışacağıq. Siyasi keçidi təmin etmək bizim əsas məqsədimizdir.” - deyə o bildirib.

Bayden, bu mərhələnin həm fürsətlər, həm də risklər daşıdığını qeyd edərək, qeyri-müəyyənlik dövrünün başlaması ilə bağlı xəbərdarlıq edib.

Prezident, illərdir Əsədə dəstək verən Rusiya, İran və Hizbullahın təsirinin azaldığını vurğulayıb. O, ABŞ-ın bu təsirləri zəiflətmək üçün fəal rol oynadığını bildirib.

Bayden çıxışında 2012-ci ildə Suriyada itkin düşən amerikalı jurnalist Austin Tice-yə də toxunub. O, Ticenin sağ olduğunu düşündüklərini və onu evə qaytarmaqda qətiyyətli olduqlarını da bildirib.

Co Bayden, rejim dəyişikliyindən sonra Suriyanın sabitləşdirilməsi və siyasi keçid prosesinin beynəlxalq ictimaiyyətin birgə səyləri ilə həyata keçirilməsinin vacibliyini də vurğulayıb. O, yeni yaranmış vəziyyətdə ABŞ-ın aparıcı rol oynayacağına inandığını bildirib.

Mövzuya görə xəbərlər