Bakı, TurkicWorld
Rusiya Avrasiyada bərabər və bölünməz təhlükəsizlik sisteminin formalaşdırılmasını dəstəkləyir.
TurkicWorld xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kazanda"BRİCS plus" formatında keçirilən XVI BRİCS sammitinin ilk plenar iclasında çıxış edərkən bildirib.
"Dünyadakı ümumi vəziyyəti qiymətləndirərək vurğulamaq istəyirəm ki, burada təmsil olunan dövlətlər həqiqətən də böyük imkan və resurslara malikdirlər, dünya arenasında yüksək nüfuza sahibdirlər və bütün bunları qlobal təhlükəsizliyin təmin edilməsinə və davamlı inkişaf proseslərinin irəliləməsinə fəal töhfə vermək üçün istifadə edirlər. Bir çox ölkələrimiz bu kontekstdə öz faydalı təşəbbüslərini irəli sürüblər. Rusiya isə öz növbəsində, inklüziv və ayrı-seçkilik edilməyən əsasda Avrasiyada bərabər və bölünməz təhlükəsizlik sisteminin formalaşdırılması ideyasını dəstəkləyir", - Putin bildirib.
Putinin sözlərinə görə, burada söhbət ümumi səylərlə etibarlı sabitliyi təmin etmək və qitədə bütün dövlətlərin və xalqların dinc inkişafı üçün şərait yaratmaqdan gedir.
"Təbii ki, bugünkü iclasımızın BMT-nin yaradıldığı günə təsadüf etməsi də simvolikdir. Məhz 1945-ci il oktyabrın 24-də BMT Nizamnaməsi qüvvəyə minib və bu prinsiplər artıq təxminən 80 ildir ki, dövlətlərarası münasibətlərin və beynəlxalq hüququn təməlini təşkil edir. BMT dünya miqyasında sülh və təhlükəsizliyin qorunub saxlanmasında əsas rol oynamağa davam etməlidir", - Putin əlavə edib.