Son dəqiqə

İsrail Israel Katz

HƏMAS-ın altı girovu öldürməsi ciddi xəbərdarlıqdır - İsrail XİN rəhbəri

Bakı, TurkicWorld

HƏMAS hərəkatının altı girovu öldürməsi Fələstin dövlətçiliyini tanıyan və ya tanımağı planlaşdıran hər kəs üçün xəbərdarlıqdır.

TurkicWorld xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Naziri İsrael Katz "X" sosial şəbəkəsində müvafiq məlumat paylaşıb.

"HƏMAS döyüşçüləri tərəfindən altı İsrail girovunun vəhşicəsinə öldürülməsi 7 oktyabr qırğınından sonra Fələstin dövlətini tanıyan və ya tanımağı nəzərdən keçirən hər hansı ölkə üçün ciddi xəbərdarlıqdır.

İranın dəstəklədiyi HƏMAS-ın nəzarəti altında Fələstin İsrailə və regionun mülayim ölkələrinə təhlükə yaradan radikal İslam diktaturasına çevriləcək. Sizi bu təhlükəli addımdan çəkinməyə çağırıram", - deyə İsrailin XİN rəhbəri vurğulayıb.

Xatırladaq ki, şənbə günü axşam İsrail hərbçiləri Rəfah rayonunda yeraltı tunellərin birində altı girovun cəsədini aşkar ediblər. Döyüşçülər iddia edirlər ki, əsirlər guya İsrail bombardmanı nəticəsində həlak olublar, lakin yəhudi dövlətinin Səhiyyə Nazirliyi cəsədləri müayinə edib və belə nəticəyə gəlib ki, həlak olan girovlar HƏMAS döyüşçüləri tərəfindən yaxın məsafədən güllələniblər.

Mövzuya görə xəbərlər