Bakı, TurkicWorld
İspaniyanın Fələstin məsələsində göstərdiyi dəstəyi yüksək qiymətləndiririk.
TurkicWorld xəbər verir ki, bu haqda Türkiyənin xarici işlər naziri Hakan Fidan öz X hesabındakı paylaşımında deyib.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqası Təmas Qrupu ölkələri ilə Madriddə İspaniyanın xarici işlər naziri Xose Manuel Albaresin ev sahibliyi ilə İspaniya, Sloveniya, Norveç, İrlandiya və Avropa İttifaqı (Aİ) nümayəndələri ilə görüşdüklərini bildirən Fidan, "İspaniyanın baş naziri (Pedro) Sançes ilə də Madriddəki təmaslarımız zamanı müşahidə edirik ki, iki dövlətli həllə dəstək artmaqdadır. Getdikcə daha çox Avropa dövlətinin Fələstini tanıması və Beynəlxalq Ədalət Məhkəməsindəki müraciətə daha çox ölkənin qatılmağa hazırlaşması ədalətin təzahürü baxımından bizlərə ümid verir”, deyə qeyd edib.
İsrailin etdiklərinə görə heç bir qarşılıq görməməsi və ABŞ tərəfindən qeyd-şərtsiz dəstək verilməsi kimi faktların beynəlxalq sistemi çökdürdüyünü vurğulayan Fidan bunun artıq Qərb dövlətləri tərəfindən də başa düşüldüyünü qeyd edib.
Dünya ictimai rəyinin Fələstin məsələsinə İsrail və İsrail tərəfdarları prizmasından baxdığı dövrün artıq sona çatdığını və insanlığın vicdanının önə çıxdığını ifadə edən Fidan, “həm Fələstin, həm də İsrailin sülh və təhlükəsizlik içində yaşayacaq İki dövlətli həll, İsrail üçün də tarixi bir fürsətdir. Ümid edirik ki, çox gec olmadan bu fürsətdən istifadə edəcək”, - deyə əlavə edib.