Bakı, TurkicWorld
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan yaxın vaxtlarda Suriyaya səfər edəcək.
TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, D-8 Zirvəsi çərçivəsində Misirə səfərindən sonra verdiyi açıqlamada, Türkiyənin Suriyaya humanitar yardımlarının davam etdiyini vurğulayıb.
Prezident, Suriyanın yeni administrasiyasına dəstək vermək məqsədilə müxtəlif sahələrdə yardımların planlaşdırıldığını qeyd edib.
Ərdoğan, "İŞİD və PKK/YPG ilə mübarizədə Suriyalı qardaşlarımızın tək qalmaması üçün bütün lazımi tədbirləri görəcəyik. Xarici işlər naziri Hakan Fidan bu məsələlərdə danışıqlar aparmaq üçün tezliklə Suriyaya gedəcək."- deyə bildirib.
Prezident , Suriyanın illərdir davam edən müharibələr nəticəsində ciddi şəkildə zərər çəkmiş infrastrukturunun bərpasını vacib hesab edib. O, suriyalı qaçqınların könüllü qayıdışlarını təmin etmək və onların davamlı həyat qurması üçün mənzil məsələsinin həllinin əhəmiyyətini vurğulayıb. Y
Prezident, Suriyanın beynəlxalq aləmə yenidən inteqrasiyasının, hərtərəfli konstitusiyanın hazırlanmasının və siyasi sistemin qurulmasının vacibliyini qeyd edib. Ərdoğan bildirib ki, Suriyanın gələcəyi ilə bağlı qərar yalnız Suriya xalqına məxsusdur və bu proses beynəlxalq birliyin dəstəyi ilə həyata keçirilməlidir.
Türkiyə hökuməti, Suriyadakı yeni administrasiya ilə yaxın əməkdaşlıq quraraq regionda sabitliyi təmin etməyə çalışacaq.