Bakı, TurkicWorld
Suriyada Bəşər Əsəd administrasiyasının devrilməsindən sonra bəzi üsyançı qruplar kəndlərə basqın edib və zorakılıq törədib.
TurkicWorld xəbər verir ki, rejim müxaliflərinin lideri Heyetu Təhrir əş-Şam (HTŞ) zorakılıqları yatırmağa çalışır.
Üsyançılar bazar günü kəndə basqın edərək evləri yandırıblar. Kənd sakinləri bildirir ki, bəzi yerlilər üsyançıların avtomobillərinə hücum edib və nəticədə üç rejim əleyhdarı döyüşçü öldürülüb. Təxminən 70 ailənin yaşadığı kənddə indi çox az adam qalıb.
Kənd, Əsəd rejiminin ən qatı tərəfdarları olan Ələvi icmasının mərkəzi kimi tanınır. Burada insanlar rejimin cinayətlərinə görə cəzalandırılacaqlarından narahatdırlar.
Bəzi üsyançı qruplar Dəməşq, İdlib və Həma bölgələrində də qisas hücumları həyata keçirir. HTŞ-nin zorakılıqları dayandırmaq üçün işə keçdiyi və asayişi qorumağa çalışdığı bildirilir.
Əl-Həkim kəndinin ələvi lideri Şeyx Əhməd Benevi, HTŞ-nin hazırda yaxşı niyyət göstərdiyini, lakin onlara etibar etmədiyini vurğulayıb. O qeyd edib ki, müəyyən ailələrin törətdiyi cinayətlərə görə bütün kənd cəzalandırılmamalıdır.
Digər tərəfdən, Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu (SNA)-nun Dəməşq Legionu təşkilatından Seyf Muhammed, kənddəki yağma hadisəsinə müdaxilə etmək üçün göndərildiklərini bildirib. O qeyd edib ki, bu müdaxilə zamanı maşınlarına hücum edilib və döyüşçülərdən biri evləri yandırmağa başlayıb. Hücumda iştirak edən yaraqlıların hansı təşkilata mənsub olduğu açıqlanmasa da, məsələ ilə bağlı istintaq başladılıb.
Qeyd edək ki, HTŞ lideri Əhməd Şəra (kod adı: Əbu Məhəmməd Kolani), din və məzhəb ayrı-seçkiliyinin olmadığı bir idarəetmə quracağına söz verib. O, Əsəd rejimində işgəncə verənlərin cəzalandırılacağını, lakin silahı yerə qoyan keçmiş ordu və polis işçilərinə zərər verilməyəcəyini bəyan edib.
Onu da qeyd edək ki, HTŞ tərəfindən noyabrın 27-də başlanan hücumlar dekabrın 8-də Əsəd rejiminin devrilməsi ilə nəticələnib. Əsəd ailəsi Rusiyaya qaçıb, HTŞ isə qurduğu müvəqqəti hökumətə Məhəmməd Bəşiri rəhbər təyin edib.