Son dəqiqə

Portuqaliya

Portuqaliya bu spirtli içkilərin satışını cərimələyəcək

Bakı, TurkicWorld

AVRO-2024-ün final mərhələsinə təsadüf edən tarixlərdə aparılan araşdırmalar nəticəsində, bir sıra spirtli içki şirkətlərinin reklam qanununu pozduğu üzə çıxıb.

TurkicWorld xəbər verir ki, Portuqaliyanın İstehlakçı Məsələləri üzrə Baş İdarəsi (DGC) çərşənbə günü elan edib ki, spirtli içki satışında milli bayraqdan istifadə edən üç şirkət cərimələnəcək.

Sözügedən reklam qanununu pozan şirkətlər 2493 avro ilə 24939 avro arasında cərimə oluna bilər.

2024-cü il Avropa Futbol Çempionatının (AVRO 2024) son turuna təsadüf edən 8-15 iyul tarixləri arasında aparılan araşdırmada DGC 232 spirtli içki reklamını araşdırıb.

Bildirilib ki, bu reklamlar “Facebook” və “Instagram” da daxil olmaqla, 53 internet saytında və sosial media platformasında dərc edilib, ümumilikdə isə 20 şirkət araşdırılıb.

DGC həmçinin vurğulayıb ki, bu spesifik qanun pozuntuları ənənəvi reklam formalarına deyil, yalnız sosial media marketinqinə aiddir.

Bir çox Avropa ölkələrində olduğu kimi, Portuqaliyada da spirtli içkilərin təbliği ilə bağlı xüsusi qaydalar var.

Belə ki, ölkədə spirtli içkilərin reklamını Portuqaliya bayrağı kimi milli simvollarla əlaqələndirmək qadağan edilib.

Bundan əlavə, səhər saat 7-dən axşam 22.30-a qədər radio və televiziyada spirtli içkilərin reklamı və bu cür reklamlarla azyaşlı kütlənin hədəf alınması da qadağandır.

DGC-nin çərşənbə günü verdiyi açıqlamada, “Qanunvericilikdə rəqəmsal mühitdə spirtli içki reklamının yayım saatları ilə bağlı heç bir məhdudiyyət olmadığı üçün, reklamların azyaşlılara da fərq qoymadan təqdim edilməsinin qarşısını almaq mümkün deyil",- deyə bildirilib.

Hökumətin bu hüquqi boşluğu aradan qaldırmaq üçün konkret addımlar atıb-atmayacağı hələ ki, bəlli deyil.

Qeyd edək ki, bu Portuqaliya hökumətinin spirtli içkiləri təbliğ etmək üçün milli simvollardan istifadə edən şirkətləri cəzalandırdığı ilk hal deyil. 2023-cü ildə iki oxşar hadisə dövlət intizam prosedurlarına səbəb olub, lakin bu işlər hələ də məhkəmə prosesində sona çatmayıb.

Mövzuya görə xəbərlər