Son dəqiqə

İran

İranda prezident seçkilərinin müddəti uzadılıb

Bakı. TurkicWorld:

Bu gün İranda keçirilən növbədənkənar prezident seçkiləri yerli vaxtla saat 22:00-dək müddəti uzadılıb.

TurkicWorld-un məlumatına görə, bunu İran DİN yanında Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.

Qeyd edək ki, bu gün İranda növbədənkənar prezident seçkilərinin 2-ci turu yerli vaxtla saat 08:00-da başlayıb. Bu turda 2 namizəd – Məsud Pezeşkian və Səid Cəlili rəqabət aparır. Seçkilərdə ən çox səs qazanan namizəd qalib olacaq. Seçkilərin müddəti 10 saatdır və Daxili İşlər Nazirliyi lazımi hesab etdiyi halda, seçkilərin vaxtı uzadıla bilər.

İranda prezident seçkiləri ilə əlaqədar ölkə daxilində 58 640 dairə, ölkədən kənarda 344 dairə yaradılıb. 61 452 321 seçici səsvermədə iştirak edə bilər.

28 iyunda keçirilən 14-cü çağırış prezident seçkilərində 24,5 milyon seçici səsvermədə iştirak edib. Səsverməyə əsasən sabiq səhiyyə naziri və “İslahatçılar” düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian 10,4 milyon, İranın Ali Liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili 9,47 milyon, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf 3,38 milyon və sabiq təhlükəsizlik rəsmisi Mustafa Purməhəmmədi 206 min səs toplayıb.

Mövzuya görə xəbərlər