Bakı. TurkicWorld
Azərbaycan və Səudiyyə Ərəbistanı yaşıl enerjiyə keçidlə bağlı birgə fəaliyyətləri və potensial addımları müzakirə ediblər/
TurkicWorld xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində məlumat verib.
"Azərbaycanın energetika naziri, həmkarım Pərviz Şahbazovla birlikdə Səudiyyə Ərəbistanı Krallığının energetika naziri şahzadə Əbdüləziz bin Salman Əl-Səud ilə videokonfrans formatında keçirdiyimiz görüşdə energetika sahəsində fəal əməkdaşlığın dəstəklənməsi, "yaşıl" enerjiyə keçid sahəsində davam edən layihələr və potensial addımlar istiqamətində birgə fəaliyyəti nəzərdən keçirdik", - deyə nazir bildirib.
Qeyd edək ki, son vaxtlar Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub və bu qarşılıqlı fəaliyyətin lokomotivi “yaşıl” enerji sahəsidir.
Belə ki, 2022-ci il yanvarın 13-də Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti arasında Xəzər dənizində külək enerjisi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Qeyd etmək lazımdır ki, "ACWA Power" 8 000 meqavat bərpa olunan enerji istehsalı və ümumi quraşdırılmış elektrik gücü 30 200 meqavat və 45 milyard dollar investisiya portfelinə malik dünya miqyasında tanınan şirkətdir.
240 MVt gücündə Xızı-Abşeron külək elektrik stansiyasının tikintisini "ACWA Power" şirkəti həyata keçirəcək. Layihəyə 300 milyon ABŞ dolları ayrılıb və Səudiyyə Ərəbistanı şirkətinin öz ölkəsindən kənarda yatırdığı ən böyük investisiyasıdır.
Qeyd etmək lazımdır ki, Xızı-Abşeron külək elektrik stansiyasından əlavə, "ACWA Power" Azərbaycanın Energetika Nazirliyi ilə ölkədə 1 GVt gücündə yerüstü külək elektrik stansiyasının, 1,5 GVt gücündə dəniz külək elektrik stansiyasının tikintisi imkanlarını öyrənilməsi və hidrogen layihələrinin həyata keçirilməsi ilə bağlı memorandum imzalayıb. və ölkədə
"ACWA Power" həm də Azərbaycan hökumətinin Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji zonası yaratmaq təklifinə müsbət cavab verən iki şirkətdən biridir.
Belə ki, bu şirkət növbəti mərhələdə bu ərazilərdə külək və günəş elektrik stansiyalarının tikintisini məqsədəuyğun hesab etdiyini bildirib.