Polşa Ukraynadan taxıl idxalına qoyulan qadağanı uzadacaq

Polşa Ukraynadan taxıl idxalına qoyulan qadağanı uzadacaq

Bakı. TurkicWorld:

Polşa hakimiyyəti Avropa Komissiyasının embarqonu ləğv etmək qərarına baxmayaraq, gecə yarısından etibarən Ukrayna taxılının idxalına qoyulan qadağanı uzadacaq.

TurkicWorld xəbər verir ki, bunu ölkənin baş naziri Mateuş Moravetski seçicilərlə görüşündə deyib.

“Avropa Komissiyasının razılığının olmamasına baxmayaraq, qadağanı uzadacağıq” deyən Baş nazir bildirib ki, Berlinə və ya Brüsselə fikir verməyəcək. O, embarqonun 16 sentyabrda gecə yarısından etibarən uzadılacağını vurğulayıb. “Bu, polşalı fermerlərin maraqlarına uyğundur", – o əlavə edib.

Qeyd edək ki, aprel ayında Mərkəzi Avropanın beş ölkəsi (Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiya) Ukraynadan taxıl və digər kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub. Daha sonra onlar bu tədbirləri Avropa Komissiyasının əvvəlcə iyunun 5-dək, sonra isə sentyabrın 15-dək Ukraynadan dörd növ taxıl və yağlı bitkilərin tədarükünə embarqo qoyması müqabilində ləğv ediblər.

Bu beş ölkə embarqonun ən azı ilin sonuna qədər uzadılmasını istəyirdi. Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib ki, Kiyev taxıl ixracına əlavə hər hansı məhdudiyyətin qəti əleyhinədir. Onun sözlərinə görə, Avropa Komissiyası vədləri, assosiasiya sazişinin müddəalarını, azad bazar şərtlərini pozur, ona görə də Kiyev öz hüquqlarını məhkəmələrdə müdafiə etməyə hazırdır.