Danimarka Quranın yandırılmasını qadağan edən qanun layihəsi hazırlayır

Danimarka Quranın yandırılmasını qadağan edən qanun layihəsi hazırlayır

Bakı. TurkicWorld:

Danimarka Quranın yandırılmasını qadağan edən qanun layihəsi hazırlayır.

TurkicWorld-un məlumatına görə, bu barədə Danimarkanın ədliyyə naziri Peter Hummelqaard mətbuat konfransında bildirib.

"Hökumət, dini icma üçün fundamental dini əhəmiyyət kəsb edən obyektlərdən qeyri-qanuni istifadəni qadağan edən qanun təklif edəcək. Təklif, ictimai yerlərdə Quran, İncil və ya Tövratın yandırılmasını cəzalandıracaq", - deyə ədliyyə naziri qeyd edib.

Qeyd edək ki, Danimarka və İsveç son vaxtlarda Quran nüsxələrinin yandırıldığı bir sıra etiraz aksiyalarının mərkəzinə çevriliblər. Bu, müsəlman ölkələrinin qəzəbinə səbəb olub.

Xatırladaq ki, iyunun 28-də Salvan Momika adlı şəxs İsveçin Stokholm şəhərində polisin icazəsi ilə Qurani Kərimi yandırıb. Daha sonra isə İraqın Stokholmdakı səfirliyi qarşısında Qurani Kərimi və İraq bayrağını tapdalayaraq islam dinini təhqir edib.

11-12 avqust tarixlərində isə Danimarkanın Kopenhagen şəhərində İraq səfirliyinin qarşısında Danske Patrioter (Danimarkalı Vətənpərvərlər) adlı qrup Qurani Kərimin yandırıldığını və İraq bayrağının tapdalandığını göstərən videonu sosial mediada paylaşıb.

Aytac Süleymanova

Twitter: a_alieva_