Bakı. TurkicWorld:
“Bizim ustadımız o qədər təvazökar insan idi ki, öz dahiliyindən xəbəri də yox idi. Dünyanın onu tanıyıb dəyərini anlamağı üçün bəlkə də yüz illər lazım olacaq”. (İohan Sebastian Baxın tələbəsi)
Almaniyanın Eyzenax şəhərinin müsiqi direkoru Johann Ambkrosius’un yeddinci oğlu olan İohan Sebastian Bax 21 Mart 1685-ci ildə dünyaya gəlib. Üç nəsil musiqi ilə məşğul olan ailədə doğulan İohann Sebastianın ilk müəllimi atası olub.
Yeddi yaşında təhsil almağa başlayan Bax oxumağı, yazmağı, latın dilini öyrənib. 10 yaşı olarkən valideynlərini itirib və qardaşının himayəsi altına alınıb. Özündən on dörd yaş böyük olan və bir kilsədə orqan çalan İohann Kristof onu himayəsi altına alıb və orqan çalmağı öyrədib. Gözəl soprano səsə və duyma istedadına malik olan Sebastian on beş yaşında Lüneberg musiqi məktəbinə qəbul edilib. Üçillik təhsildən sonra da Veymarda bir orkestrda skripka və orqan çalmağa başlayıb.
İstedadı və nümunəvi fəaliyyəti ilə diqqəti cəlb edən gənc musiqiçi daha sonra Arnstadtda bir kilsədə orqan çalmağa başlayıb. Müstəqil ruhu və davranışları ilə tez-tez kilsə xadimləri problem yaşayan Bax vaxtaşırı icazəsiz olaraq Lübek şəhərinə gedib dövrün ən məşhur orqan ifaçısı olan Ditrix Buksdexudenin ifasını izləyib. Daha sonra Müllhausen St. Blaise Kilsəsində xidmətə göndərilib. Ancaq burda da öz musiqi aranjemanları və yeni musiqi üslubu ilə kilsə tərəfindən narazılıqla qarşılanıb. Dahi bəstəkarın ən məşhur əsərlərindən olan “Tokkato və Fuqa re minor” bu dövrdə yazılıb.
St. Blaise Kilsəsinin din və musiqi barədə olan mühafizəkarlığı Baxın kilsədən ayrılmasına səbəb olub və 21 yaşında qohumu Mariya Barbara ilə evlənib, Sachen-Veymar qrafı Vilhelmin sarayında yeni işinə başlayıb. 22 musiqiçinin ifa etdiyi orkestrda skripka və orqan ifa edən Bax, 1714-cü ildə orkestr rəhbəri təyin olunub. O, artıq Almaniyanın ən məşhur orqan ifaçısı olub.
Veymarda qraf Vilhelm ilə qardaşının arasında ailədaxili məsələr orkestr üzvlərinin yaşayışını çətinləşdirməyə başladıqda, Bax 1717-ci ildə Köthenin gənc şahzadəsi Leopoldun orkestr dirijoruluğu təklifini qəbul edib. Ancaq qraf Villhelm Ernst musiqiçisini buraxmaq istəməyib. Bir neçə həftə Veymarda qalmağa məcbur edilən Bax, nəhayət, sərbəst buraxılıb və yeni işinə başlayıb. Musiqiyə böyük maraq göstərən şahzadə Leopoldun himayəsində olarkən fərqli alətlər üçün sonatalar və konsertlər bəstələyib.
Cəmiyyət için sadəliyi və səmimiliyi ilə tanınan Bax, Köthendə olarkən dövrün Brandenburq qrafının şərəfinə silsilə konsert bəstələyib. Bu əsərlər musiqi tarixində Brandenburq konsertləri kimi tanınıb.
Kötendə Bax, Şahzadə Leopold ilə uzun səyahətlərə çıxıb. Səyahətlərin birindən evə qayıdarkən faciəvi sürprizlə qarşılaşıb. Gedərkən sağlam səhhəti ilə ayrıldığı həyat yoldaşı Mariya Barbara qəfil vəfat edib. Bir il sonra, 36 yaşlı bəstəkar yeni tanış olduğu Anna Maqdalena ilə evlənib. Həmin vaxt şahzadə Leopold da evlənib, lakin onun həyat yoldaşı musiqiyə Şahzadə Leopold qədər maraq göstərməyib. Nəticədə Bax və orkestrın taleyi sual altında qalıb.
Bax dörd oğluna yaxşı təhsil verə bilmək və yeni evləndiyi ailəsinə baxmaq üçün iş axtarmağa başlayıb. Nəhayət, Leypsikdəki St. Thomas Kilsəsində orqan ifaçısı və müəllim olaraq işə qəbul olub. Bax həyatının qalan hissəsini burada keçirib.
Bu dövrlərdə gənclərə musiqi dərsləri verib, lakin bundan narazı olub. “Musiqi bəstələmək yerinə istedadsız tələbələrlə çalışmaq məcburiyyətinə aid rəsmi şikayətləri də qeydə alınıb. Bir dəfə bir faqotçunun üzərinə xəncər çəkdiyi də rəvayət olunub. Lakin xoşbəxtlikdən heç kimə xətər dəyməyib. Baxın iddiasına görə, xəncəri digər adamın hücumundan qorunmağa görə istifadə edib.
XVI yüzilliyin məşhur alman teoloqu Martin Lüteri reformist idealarının təmsilçisi olan St.Thomas Kilsəsindəki ayinlərdə ifa üçün kantatalar bəstələyən Bax Barokko musiqi dövründə yeni yol açıb. Əvvəllər yalnız vokal və ya instrumental musiqilərin ifa edildiyi ayinlərdə artıq orkestrın müşayiəti ilə xorlar ifa edilməyə başlanılıb. Bu kantataların ən uğurlu nümunələrində biri 1734-cü ildə bəstələdiyi ən uğurlu əsərlərindən biri, “Weihnachts Oratorium – Milad Oratoriyası”dır.
Yaşı irəlilədikcə bəstəkarın gözlərində problemlər yaranmağa başlayıb. Bu bəstəkarın musiqi fəaliyyətinə də böyük təsir edib. Son dövrdə yaratdığı məşhur əsərlərində biri “Messa-Si minor” olub.
İngilis cərrahı tərəfindən edilən uğursuz göz əməliyyatından sonra bəstəkar tamamilə kor olub. Bir müddət sonra - 28 iyul 1750-ci ildə Bax vəfat edib.
Uzun müddət kilsədə musiqiçi və müəllim kimi tanınan Baxın dahiliyi yalnız ölümündən yarım əsr sonra, Motsart, Bethoven, Şopen, Mendelson kimi məşhur bəstəkarların Baxa qarşı bəslədikləri böyük hörməti vurğuladıqdan və Feliks Mendelsonun dirijorluğu ilə “Matfeyin əzabları” əsəri ifa olunduqdan sonra öz həqiqi dəyərini tapıb.
Baxın musiqisi fəlsəfi dərinliyi, bədii kamilliyi, yüksək peşəkarlığı ilə ərslər boyu insanları düşünməyə vadar edib. O, çox vaxt dini mövzulara müraciət edib. Məsələn “Matfeyin əzabları”, “İohanın əzabları” kimi irihəcmli vokal-instrumental əsərlərdə İsa Məsihin əzablarından bəhs olunub. Eyni zamanda bəstəkar şən, məzəli obrazların təcəssümünə də geniş yer verib.
Baxın yaradıcılıq irsinin mühüm hissəsi klavir alətinə yönəlib. Klavir o dövrdə xeyli təkmilləşmiş-temperasiya olunub. Baxın həmin alət üçün yazdığı məcmuə də “Yaxşı temperasiyalı klavir” adlanıb. Klavir üçün bəstəkar həmçinin “Fransız və “İngilis” süitaları, konsertlər, xromatik fantaziya və fuqa, invensiyalar və başqa əsərlər yaradıb. Həmçinin skripka, violançel və orkestr üçün gözəl əsərlər bəstələyib.






