BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran və ABŞ arasında davam edən diplomatik təmaslarla bağlı yeni açıqlamalar tərəflər arasında müəyyən yaxınlaşmanın müşahidə olunduğunu göstərir. Rəsmi açıqlamaya görə, hazırda əsas diqqət mümkün anlaşma memorandumunun yekunlaşdırılmasına yönəldilib.
TurkicWorld xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Tehran və Vaşinqtonun hazırda anlaşma memorandumunun hazırlanması prosesinə fokuslandığını bildirib.
Bəqainin sözlərinə görə, son günlər tərəflərin mövqelərində müəyyən yaxınlaşma müşahidə olunub.
O bildirib:
“Son bir həftə ərzində mövqelər bir qədər yaxınlaşıb. Növbəti üç-dörd gün ərzində nələrin baş verəcəyini gözləməliyik.”
İran rəsmisi qeyd edib ki, danışıqlar prosesi davam edir və mövcud fikir ayrılıqlarına baxmayaraq, tərəflər çərçivə xarakterli razılaşma üzərində işləməyə davam edirlər.
Analitiklər hesab edirlər ki, son açıqlamalar diplomatik kanalların açıq saxlanıldığını göstərsə də, danışıqların yekun nəticəsi ilə bağlı hələ də qeyri-müəyyənlik qalır. Növbəti günlərdə tərəflərin atacağı addımlar prosesin gələcək istiqamətini müəyyənləşdirə bilər.






