BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran rəsmilərinin son açıqlamaları və vasitəçi nümayəndə heyətlərinin Tehrandan ayrılması bölgədə diplomatik proseslərin gələcəyi ilə bağlı qeyri-müəyyənliyi artırıb. Müşahidəçilər hazırkı vəziyyətdə uzunmüddətli sülh və ya davamlı atəşkəs ehtimalının hələ də zəif olduğunu bildirirlər.
TurkicWorld xəbər verir ki, vasitəçi missiya çərçivəsində Tehrana səfər edən nümayəndə heyəti artıq İranı tərk edib. Pakistan ordusunun rəhbəri feldmarşal Asim Munirin başçılıq etdiyi nümayəndə heyəti İranın yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirib. Məlumata görə, səfərin müddəti 24 saatdan az olub.
Mənbələr bildirirlər ki, İran rəhbərliyinin son bəyanatları fərqli mesajlar ehtiva edir. Xüsusilə Prezident Məsud Pezeşkian və parlament sədri Məhəmməd Baqir Qalibafın çıxışları diqqət çəkib.
Rəsmilər bir tərəfdən diplomatik danışıqlara açıq olduqlarını ifadə etsələr də, digər tərəfdən istənilən mümkün hərbi qarşıdurmaya hazır olduqlarını vurğulayıblar. Bu isə Tehranın həm diplomatik kanalları açıq saxlamağa, həm də təhlükəsizlik hazırlığını gücləndirməyə çalışdığı barədə qiymətləndirmələrə səbəb olub.
Pezeşkianın Pakistan ordusunun rəhbəri ilə görüşündə səsləndirdiyi fikirlər də diqqət çəkən məqamlardan biri olub. O bildirib ki, ABŞ-la əvvəlki təcrübələr və danışıqlar tarixi Tehrandan yüksək səviyyədə ehtiyatlı davranmağı tələb edir.
Analitiklər hesab edirlər ki, İranın son bəyanatları diplomatik çevrələr üçün “qarışıq mesajlar” təsiri yaradır və yaxın müddətdə regional vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmağı çətinləşdirir.