Bakı. TurkicWorld:
Qədim yunan mifologiyasında Afina - hərb və zəfər ilahəsi, eləcə də müdriklik, bilik, incəsənət və sənətkarlıq ilahəsi olub. Afina şəhərinin himayədarı hesab edilib. Bayquş, dəbilqə, nizə və ilan Afinanın atributları olub.
Yunanıstanın paytaxtı Afina eyniadlı ilahənin - Afinanın şərəfinə adlandırılıb. Əfsanəyə görə, bu şəhərə dəniz ilahı Poseydon da öz adını vermək istəyib. Belə olduqda ilahların hakimliyi ilə yarış təşkil olunub. Afina və Poseydon şəhərə sahiblik etmək üçün öz qüdrətlərini göstəriblər. Əvvəlcə Poseydon akropola – şəhərin ən yüksək yerinə öz üç dişli nizəsini sancıb. Həmin yerdən dəniz suyu fışqırıb. Sonra Afina gəlib nizəsini yerə vurub və həmin yerdən o dəqiqə bir zeytun ağacı çıxıb. Hakimlər məsləhətləşib Afinanı qalib elan ediblər. O vaxtdan bu şəhər Afina adlanıb.
Afina müharibə ilahəsi olsa da o, öz rəqiblərini ağılla, müdrikliklə məğlub etməyə üstünlük verib. O, qardaşı Aresdən fərqli olaraq öz qəhrəmanlarına artıq qan tökmədən, müdrikliklə öz məqsədlərinə çatmaqda yardımçı olub, onları və ailələrini mühafizə etdiyi üçün ona Soteyra (mühafizəçi) epiteti verilib.
Xarrat, toxucu kimi sənətkarlıq qabiliyyəti isə ona daha bir - Erqana (zəhmətkeş, əməksevən, çalışqan) epitetini qazandırıb. İlk parçanı Afina toxuyaraq, qadınlara bu sənəti sevdirib.







