Son dəqiqə

Kim kimdir?

Aqata Kristi kimdir?

Bakı. TurkicWorld:

1890-cı il sentyabrın 15-də Devonşir qraflığında anadan olan Aqata ailədə üçüncü övlad idi. Kütbeyin, astagəl olduğuna görə valideynləri onun həyatda heç nəyə nail olmayacağını düşünür və ən yaxşı halda uğurlu ailə həyatı quracağına inanırdılar. Gələcək yazıçının uşaqlıq illəri tənhalıq içində keçib - dostları yox idi, bacısı və qardaşı ondan yaşca çox böyük idilər, ilk təhsilini isə evdə alıb. Bu, bir tərəfdən onun fantaziyasını stimullaşdırıb, digər tərəfdən isə cəsarətsizliyini artırırıb. Aqata sonrakı təhsilini İngiltərə və Fransanın özəl təhsil ocaqlarında alıb. O, musiqi ilə ciddi məşğul olub, şeir və hekayələr yazıb, onlardan bəzilərini müxtəlif jurnallara göndərsə də, heç biri nəşr olunmayıb. Eyni aqibət onun ilk əsərini - «Səhra üzərində qar»ı da gözləyib.

1912-ci ildə Aqata, Kral hava korpusunun leytenantı Arçibald Kristiyə aşiq olub. Onlar imkan düşən kimi evlənmək istəyiblər. Amma qarşıda müharibə var idi. Nişanlısı Fransaya cəbhəyə yollanıb, Aqata isə hərbi hospitalda işləməyə başlayıb. Aqata əvvəl pulsuz adi xadimə kimi işləyib, sonra tibb bacısı, daha sonra isə əczaçı köməkçisi olub. Toyları 1914-cü ilin dekabrında, Arçinin qısa məzuniyyəti zamanı olub.

Aqata «Staylsda sirli hadisə» ilk detektiv romanını böyük bacısı ilə mərcə girərək yazıb. Bacısı iddia edirdi ki, yaxşı detektiv əsər yazmaq çətindir. Aqata kitab yazsa da, uzun müddət nəşr elətdirə bilməyib. Romanını çap etməyi altı nəşriyyat rədd etsə də, yeddincisi risk eləyib. Yalnız iki min nüsxə satılıb, yazıçı kiçicik qonorar - 25 funt-sterlinq alıb. «Detektiv kraliçası»nın doğuluşunu geniş kütlə hiss etməyib.

Məhz bu dövrdə yeni bədii qəhrəmanlar - məşhur xəfiyyə Erkül Puaro və onun sadiq köməkçisi - kapitan Qastinqs meydana gəlib. Öz «Avtobioqrafiya»sında Kristi baş qəhrəmanın prototipini uzun müddət seçməyindən yazıb. Uzun şübhələrdən sonra seçimini müharibə dövründə İngiltərəyə gələn belçikalı qaçqın üzərində saxlayıb. Qəhrəmanın kriminal sahədə biliklərinin səbəbi əvvəllər müfəttiş olması ilə izah olunub. Yalnız qəhrəmanın yaş seçimində Aqata yanılmışdı. İlk romanda yaşlı adam kimi göstərilən qəhrəman yazıçının uzun yaradıcılıq karyerasında elə bu yaşda da qaldı.

İstefada olan polkovnik Kristinin ailəsi maddi problemlərlə üzləşdiyindən, Arçi həyat yoldaşına problemlərini həll etmək üçün növbəti romanını yazmağı təklif edib. «Sirli düşmən» adlı kitabı 1922-ci ildə çapdan çıxıb. Aqata düşünüb ki, qadın detektiv yazarı oxucular tərəfindən yaxşı qarşılanmayacağından özünə başqa təxəllüs götürsün. Amma naşir onun öz adının saxlanmasına təkid edib. Çünki Aqata adı nadir və yaddaqalan idi.

1926-cı il Kristi üçün uğursuz olub. Oxucular, tənqidçilər, bəzi yazıçı kolleqaları onun «Rocer Ekroydun ölümü» romanının novatorluğunu qəbul etməyiblər. Kitabda hadisələr cinayətkarın dilindən danışılırdı, bu da klassik detektiv janrının kanonlarına zidd idi. Bundan başqa, Aqatanın anası rəhmətə gedib, həyat yoldaşı Arçi isə başqa qadına aşiq olduğunu bildirib. Hətta qızları Rozalinda belə atasını ailədə saxlaya bilməyib. Yoldaşı tərəfindən atıldığını öyrənən Aqata bir ilə onun geri qayıdacağına ümid edib. Bu baş verməyəndə o, intiqam almaq məqsədilə cəmiyyətə detektiv yazarı kimi unikal qabiliyyətlərə sahib olduğunu nümayiş etdirməyə qərar verib. Gənc qadın maşına oturaraq naməlum istiqamətə yollanıb. Sonradan içində şəxsi əşyaları və dava izləri olan avtomobil evdən uzaqda tapılıb, yazıçı isə izsiz-soraqsız yoxa çıxıb.

Polkovnik Kristi şübhəli şəxs kimi tutularaq bütün ölkənin müzakirə etdiyi ifadələr verməyə məcbur olub. Bir həftədən sonra onun axtarışına yüzlərlə polis, könüllü dəstələr qoşulub. Sonunda «Harrouqeyt» mehmanxanasının bir işçisi bu doqquz günü Aqata Kristinin onlarda Tereza Nil adı ilə qaldığını söyləyib. Bu ad isə ərinin evlənmək istədiyi qadının adı idi. Kirayənişinlər qadının yaddaş itməsindən əziyyət çəkdiyini bildiriblər. Aqata insanları bu yanlış fikirdən yayındırmağa çalışmayıb və hətta psixiatr yanında amniziyadan müalicə kursu da keçib.

Kristi güclü qadın idi və 1926-cı ildə baş verən hadisələr onun iş qabiliyyətinə təsir eləmədi. Arxeologiya da onun bir məşğuliyyəti idi. Roman yazmağa davam edən Kristi iki ildən sonra Bağdada qazma işlərinə yollanıb. 1930-cu ildə indiki İraq yaxınlığında arxeoloji qazıntılar zamanı o, sonradan London universitetinin professoru olacaq Maks Mellounla tanış olub. Onlar arasında sevgi romanı bir anda alovlanıb. Aqata 40 yaşında, Maks isə ondan 14 yaş kiçik idi. İki aydan sonra onlar evləniblər və ömürlərinin sonuna qədər birgə yaşayıblar. Həmin il o, «Vikarinin evində ölüm hadisəsi» romanını yazıb. Bu əsərdə Aqata ilk qadın həvəskar detektiv personajını - miss Marplı yaradıb.

40-cı illərdə Aqata bir sıra romanlar, radio və teletamaşalar, film ssenariləri yazıb. İstedadlı yazıçının belə intensiv yaradıcılığı ayrılıqla izah edilib. Çünki həyat yoldaşı İkinci Dünya müharibəsi illərində Türkiyə, Suriya və Misirdə qalıb. Aqata isə ölkəsinin çətin günlərində artıq yaşlı olmasına baxmayaraq, yenidən hospitala işləməyə gedib. Bu dövrdə o, iki əsərinin əlyazmasını bank seyfində saxlayıb: «Pərdə» - Erkül Puaronun son işi və «Miss Marplın son təhqiqatı». Onun hərəkətini izah edən bir neçə versiya var idi. Bəziləri düşünürdülər ki, Aqata onu bezdirən iki qəhrəmanından yaxa qurtarmaq istəyir. Amma əsl izah onun əsərlərilə birgə seyfə qoyduğu vəsiyyətnaməsində idi. Müharibə illərində Aqata müəllif hüququ və yaxınlarının taleyini düşünüb. Ölümündən sonra «Pərdə» əsərindən gələn gəlir qızına, ikinci əsərin gəliri isə ərinə qalmalı idi.

1955-ci ildə Amerika detektiv yazarları assosiasiyası Aqataya tarixdə ilk olaraq detektiv ədəbiyyatının Qrand-masteri adını verib. 60-cı illərdə Kristi ən çox nəşr olunan ingilisdilli müəllif olub. 1975-ci ildə oxucular məşhur belçikalı xəfiyyənin dünyasını dəyişdiyi «Pərdə» əsərini oxuyublar. Erkül Puaronun yaradıcısı öz qəhrəmanından bir neçə ay sonra vəfat edib. Həmin ilin qışında o, xəstələnib və 1976-ci il yanvarın 12-də 86 yaşlı yazıçı dünyadan köçüb. «Miss Marplın son təhqiqatı» əsəri ölümündən sonra işıq üzü görüb.

Əsərləri:

Qolf Meydançasında Qətl
Səssiz Şahid
Əlifba Sırası ilə Qətl
Mesopotomiyada Qətl
Böyük Dördlük
Buludların Üzərində Ölüm
Üç Pərdəli Faciə
Endhauzun Sirri
Puaro İstintaq Aparır
Erkülün Qoçaqlıqları
Staylzada Müəmmalı Hadisə
Erkül Puaronun Milad Bayramı
Rocer Ekroydun Qətli
Ölümlə Görüş
Günəş altında Şər
"Şərq Ekspresi"ndə Qətl
Mavi Qatarın Sirri
Qəhvəyi Kostyumlu Kişi
Fayton Məhləsində Qətl
İnanimaz Oğurluq
Ölmüş Adamin Güzgüsü
Rodos Üçbucağı
Buludların üzərində ölüm
Vikarın evində qətl
Nildə ölüm
Masadakı kartlar
On zənci balası

Mövzuya görə xəbərlər