Bakı, TurkicWorld:
Müasir qazax ədəbiyyatının dünya şöhrətli nümayəndəsi Oljas Ömər oğlu Süleymenov 18 iyun 1936-cı ildə Alma-Ata şəhərində anadan olub. O.Süleymenov 1954-1959-cu illərdə Qazaxıstan Dövlət Universitetinin Geoloji kəşfiyyat fakültəsində təhsil alıb.
O, 1959-cu ildə neft geologiyası mövzusu üzrə diplom müdafiəsi edərək universiteti bitirib.
Onun sənətə gəlişi 1955-ci ilə təsadüf edir. O.Süleymenov təhsilini bitirdikdən sonra ixtisası üzrə işləməyə başlayıb. O, 1961-1962-ci illərdə M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. Dövrü mətbuatda ilk dəfə məqalə ilə çıxış edib. Onun “Köçərilər və Rus” adlı həmin məqaləsi 1962-ci ildə çap olunub. 1959-cu ilin iyun ayında Oljas Süleymenovun “Literaturnaya qazeta”da dərc olunan seçilmiş şeirləri şairin mərkəzi mətbuatda çap olunan ilk mətbu əsəri hesab olunur.
O, 1962-ci ildə Qazaxıstan Dövlət Universitetinin aspiranturasına daxil olub, elə həmin ildə də Yazıçılar İttifaqına üzvlüyə qəbul olunub. Oljas Süleymenov 1962-1971-ci illərdə “Kazaxskaya pravda” qəzetində ədəbiyyat məsələləri üzrə əməkdaş və “Qazaxfilm” kinostudiyasında baş redaktor işləyib. 1972-ci ildən Asiya və Afrika ölkələri yazıcıları ilə Qazaxıstan əlaqə komitəsinin sədri vəzifəsinə təyin olunub.
1975-ci ildə O.Süleymenov “Az-Ya” əsərini yazıb. Əsər təkcə filologiya, tarix sahəsində yox, siyasi düşüncəyə təsirinə görə cəmiyyətdə də böyük rezonans doğurub. Əsərin ruhu o vaxtkı ideologiyaya zidd olduğu üçün O.Süleymenovun “Az-Ya” kitabı haqqında Qazaxıstan KP MK-nın 17 iyul 1976-cı il tarixli xüsusi qərarında kitab “ideoloji və metodoloji” baxımdan qüsurlu hesab olunub.
O.Süleymenov 1971-1981-ci illərdə Qazaxıstan Yazıçılar İttifaqının katibi vəzifəsini tutub. 1981-83-cü illərdə isə Qazaxıstan SSR Kinomatoqrafiya Komitəsinə rəhbərlik edib. O, 1983-cü ildə Qazaxıstan Yazıçılar İttifaqının birinci katibi seçilib.
O.Süleymenov 1989-cu ildə “Nevada Semipalatinsk” ictimai hərəkatının əsasını qoyub. O, 1991-ci ilə qədər Qazaxıstan və SSRİ Ali Sovetinin deputatı olub. O.Süleymenov 1990-cı ilin 20 yanvar faciəsi ilə əlaqədar doğma türk soydaşlarına başsağlığı vermək üçün Bakıya gəlib və Kremlin Qurultaylar sarayında faciənin günahkarı olan ermənipərəst Qorbaçov rejimini tənqid edib.
1991-ci ildə Qazaxıstanda milli müstəqillik elan olunduqdan sonra O.Süleymenov ölkənin ictimai-siyasi, mədəni həyatında yaxından iştirak etmiş və etməkdə davam edir. Hazırda YUNESKO-da Qazaxıstanın səlahiyyətli nümayəndəsi kimi fəaliyyət göstərir. 2011-ci ildə Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif edilib.
Mənbə: Filologiya elmləri doktoru, professor Elman Quliyev - Türk xalqları ədəbiyyatı
Twitter: a_alieva_







