Bakı, TurkicWorld:
Osmanlı dövlətinin dördüncü padşahı Sultan İldırım Bəyazid 1354-cü ildə dünyaya gəlib. Atası Osmanlı sultanı I Murad, anası Gülçiçək Xatun olub. Bəyazid 1381-ci ildə Gərmiyanoğlu Süleyman Çələbinin qızı Sultan Xatunla evləndirilib və xanımının cehizi olaraq Osmanlılara verilən torpaqlara sancaqbəyi təyin edilib.
Kütahyada vəzifələndirilən Şahzadə Bəyazid ölkənin şərq sərhədlərinin mühafizəsi ilə məşğul olub. 1386-cı ildə atasının Qaramanoğlu Ələddin bəyə qarşı çıxdığı səfərə qatılıb və baş tutan döyüşdə cəsarəti və cəld hücumlarıyla fərqlənərək İldırım ləqəbi qazanıb. Atası Sultan Muradın vəfatından sonra Şahzadə Bəyazid taxta çıxarılıb. Dövlət xadimlərinin təkidi ilə, yeganə qardaşı Şahzadə Yaqubu edam etdirib.
Yeni sultan döyüşdən dərhal sonra Bursaya dönmək üzrə yola çıxıb. Çünki bu əsnada Osmanlı tabeliyindəki Anadolu bəylikləri üsyan qaldırmış, əvvəllər hakim olduqları əraziləri geri ala bilmək üçün Qaramanoğlu bəyliyinin ətrafında toplanmışdı.
Sultan Bəyazid Anadoluya keçmədən öncə Serbiya kralının oğlu Stefan Lazareviçlə müzakirələrə başlayıb və bacısı Oliviera ilə evlənərək serbləri öz tərəfinə çəkməyə çalışıb. Razılaşmadan sonra Stefan həm macarların, həm də Osmanlıların təzyiqindən qorunmaq üçün Sultan Bəyazidə sadiq qalıb və hətta onun səfərlərinə belə qatılıb.
Daha sonra Anadoluya gedən Sultan Bəyazid 1389-cu ilin qışında Alaşəhəri işğal edib, ardından qərbi Anadoludakı türkmən bəyliklərini, Aydın, Saruhan, Məntəşə, Həmid və Gərmiyan bəyliklərini Osmanlı idarəsində toplayıb.
Sultan Bəyazid, səltənətinin bundan sonrakı illərində üzünü qərbə çevirib. Onun Kosovo döyüşündən sonra Bizans imperiyası üzərindəki təsiri artıb. Osmanlı ordusunun Anadoludakı çatışmalarla məşğul olduğu illərdə dövlətin qərb sərhəddindəki uc bəylikləri də düşmən bölgələrinə ard-arda hücumlar təşkil edib.
Sultan Bəyazidin ani və sürətli fəthlərinin ardından, macarlar və venesiyalılar Osmanlılara qarşı ittifaq quraraq yeni bir səlib yürüşünə başlayıblar. 1396-cı ildə Osmanlı ordusunun Konstantinopol mühasirəsində olmasından istifadə edən macar kralı I Ziqmund Niqbolunu mühasirəyə alıb. Ardından Sultan Bəyazid 25 sentyabr 1396-cı ildə Konstantinopoldakı mühasirəni qaldıraraq dərhal bölgəyə gəlib və burada səlib ordusu üzərində böyük bir qələbə qazanıb. Niqbolu döyüşündən böyük qənimətlə qayıdan Sultan Bəyazid paytaxt Bursada möhtəşəm Ulu Məscidi inşa etdirib.
Ard-arda gələn qalibiyyətlərdən sonra Sultan İldırım Bəyazid üçün şərqi Anadoluda Əmir Teymur təhlükəsi peyda olub. Əmir Teymur 1394-cü ildə şərqi Anadoludakı bir neçə şəhəri ələ keçirməsinin ardından Böyük Səlcuq və Hülaki imperiyasının varisi olaraq Anadoluya da sahib olmaq istəyirdi. Sultan Bəyazid isə səlcuqların varisi iddiasında idi və Anadoludakı birliyi təmin etmək istəyirdi. Məhz bu nöqtədə iki türk sultanının arasında ziddiyət yaranıb. Yaranan ziddiyət Ankara döyüşü ilə nəticələnib. 1402 - ci ildə baş vermiş döyüşdə məğlub olan Sultan Bəyazid əsir düşüb. Bir neçə ay sonra əsirlikdə ikən Akşəhərdə vəfat edib.
Ankara döyüşü Sultan Bəyazidin qısa zamanda genişləndirdiyi dövlətin çökməsinə səbəb olub. Osmanlı tarixində bu dövr Fetrət dövrü adlanıb. Dövrdəki çaxnaşmalar yalnız II Mehmed dönəmində tamamilə həll edilib.
Twitter: a_alieva_







