BAKI, TurkicWorld
Vecihi Hürkuş kimdir?
Türk aviasiyasının banisi və ilk baş pilotu olan Vecihi Hürkuşun həyat və fəaliyyət hekayəsi türk aviasiya tarixində silinməz iz qoyub.
O, 1896-cı il yanvarın 18-də İstanbulda dünyaya gəlib və ömrünün böyük hissəsini Türk aviasiyasının inkişafına həsr edib.
Vecihi Hürkuşun karyerası gənc yaşlarından hərbi xidmətdə başlayıb. Balkan müharibəsi zamanı könüllü olaraq döyüşlərdə iştirak edib, sonra isə İstanbul Ordu Komandanlığının sərəncamı ilə Beykoz Serviburun əsir düşərgəsinə komandir təyin edilib. Daha sonra isə onu təyyarə mühəndisi olmağa cəlb edən Təyyarə Maşinisti Məktəbinə daxil olub və məhz burada peşəkar pilot kimi yetişib.
Birinci Dünya Müharibəsi dönəmində Bağdad Cəbhəsində maşinist kimi çalışarkən, 1917-ci ildə Qafqaz cəbhəsində rus təyyarəsini vuraraq Türk aviasiyasının tarixində düşmən təyyarəsini vuran ilk pilot kimi adını yazdırıb. Müharibədə yaralanaraq əsir düşdüyü Nargin adasından cəsarətlə qaçaraq azadlığına qovuşub.
Qurtuluş Müharibəsi zamanı uğurlu kəşfiyyat uçuşları həyata keçirən Hürkuş, Yunan təyyarəsini vurmaqla həm döyüş bacarığını, həm də qəhrəmanlığını sübut edib. Bu əməliyyatlara görə üç dəfə Türkiyə Böyük Millət Məclisindən tərif alıb və İstiqlal Medalına layiq görülüb.
1924-cü ildə isə o, İzmirdə yunanlardan qalmış materiallardan istifadə edərək, Türkiyənin ilk təyyarəsi sayılan "Vecihi K-VI"nı yaradıb. Bu təyyarə ilə 28 yanvar 1925-ci ildə uçuş həyata keçirib lakin uçuşa icazə almadığı üçün cəzalandırılıb. Texniki komissiyada kadr çatışmazlığı olduğundan uçuşu yoxlamağa kimsə tapılmayıb və "təyyarənizə güvənirsinizsə, uçun və bizi xilas edin" deyilməsi də bu çətinliyi göstəririb.
Daha sonra Kayseridə Türkiyə-Almaniya birgə müəssisəsi üçün fabrik qurmaq təklifi ilə Almaniyaya gedərək orada təyyarə texnikası və mühəndisliyi üzrə biliklərini artırıb. 1930-cu ildə Kadıköydə taxta-şalban sexində qısa müddətdə inşa etdiyi "Vecihi K-XIV" adlı idman və təlim təyyarəsi Türkiyənin ilk mülki təyyarəsi kimi tarixə keçib.
Vecihi Hürkuş təyyarələr üçün uçuş sertifikatını almaq məqsədilə təyyarəsini sökərək Çexoslovakiyaya, Praqaya göndərdi və orada sertifikatları alıb. Onun təşəbbüsü ilə 1932-ci ildə Mülki Təyyarə Məktəbi qurulub və burada Türkiyənin ilk qadın pilotu Bedriye Gökmen də daxil olmaqla yeni nəsil pilotlar yetişdirilib.
İş adamı Nuri Dəmirağın dəstəyi ilə dəniz təyyarələrinin istehsalına da başlayan Hürkuş, "Nuri bəy" adını verdiyi təyyarəni 92 gündə tamamlayaraq, İstanbulun Beşiktaş semtində nümayiş uçuşu edib.
1934-cü ildə Atatürkün tapşırığı ilə "Türkkuşu" adı altında yeni bir təhsil ocağı qurub. Burada müxtəlif şəhərlərdə filiallar açılıb və yüzlərlə pilot yetişdiriib. 1939-cu ildə Almaniyada hava və maşın mühəndisliyi diplomu alıb.
1947-ci ildə "Türk Kanatı" şirkətini təsis edıb, 1954-cü ildə isə "Hürkuş Hava Yolları"nı fəaliyyətə başlayıb. Lakin uçuş icazələri almaqda çətinliklər yaşayıb, sonda təyyarələri tərk edilib, maddi ziyan görüb. Son təyyarəsi isə Mineral Tədqiqat və Kəşfiyyat İnstitutuna verilib.
Vecihi Hürkuş 1969-cu ilin iyul ayında beyin qanaması səbəbindən vəfat edib. Onun adı və xidmətləri Türk aviasiya tarixində əbədi yaşayır.
Vecihi Hürkuşun həyatı və fəaliyyəti təkcə bir pilot və mühəndis kimi deyil, həm də Türk millətinin iradəsi, yeniliyə açıq olması və azadlıq mübarizəsinin simvolu kimi qiymətləndirilir.







