BAKI, TurkicWorld
Mehmet Şükrü Saracoğlu 1887-ci ildə Ödəmışdə anadan olub. Mülkiyyə Məktəbini (1909) bitirdikdən sonra İzmir liseylərində müəllimlik edib. Birinci Dünya Müharibəsi illərində Cenevrə Siyasi Elmlər Fakültəsini bitirib.
İkinci çağırışdan etibarən Türkiyə Böyük Millət Məclisinə İzmir millət vəkili kimi qatılan Mehmet Şükrü bəy, Fethi Okyar hökumətində Milli Təhsil Naziri (1924-1925) vəzifəsində çalışıb.
1926-cı ildə Türk və Yunan xalqlarının mübadiləsi məqsədilə yaradılan Qarışıq Mübadilə Komissiyasına Türkiyə nümayəndəsi olaraq seçilib. Dördüncü və Beşinci İnönü hökumətlərində Maliyyə Naziri (1927-1930) olub. Hələ inkişaf proqramının hazırlanmadığı bu dövrdə Türk iqtisadiyyatının ancaq kənddən başlayan islahatlarla irəliləyə biləcəyini müdafiə edib. Bundan əlavə, dövlət qulluqçularının problemləri ilə maraqlanaraq, personal və təqaüd qanunlarını tətbiq edib.
İqtisadi sahədəki işlərindən biri də, xarici bankların nəzarətində olan Türk valyutasının dəyərini qorumaq olub. Bu məqsədlə 1930-cu ildə Türkiyə Mərkəzi Bankını yaradıb. Eyni ildə səhhəti ilə bağlı vəzifəsindən ayrılmaq məcburiyyətində qalıb və Türkiyənin iqtisadi problemlərini araşdırmaq üçün ABŞ-a göndərilib (1931). Qayıtdıqdan sonra Türk Pambıq Sənayesinin təməlini qoyan bir hesabat hazırlayıb. 1932-ci ildə Osmanlı İmperiyasının borcları ilə bağlı problemlərin həlli üçün Parisdə keçirilən danışıqlarda Türkiyəni təmsil edib və 1933-cü ildə borcların ödənişi ilə bağlı saziş imzalayıb.
Ədliyyə və Xarici İşlər Naziri kimi fəaliyyəti
1933-1939-cu illərdə Ədliyyə Naziri vəzifəsində çalışarkən Hakim və Vəkillər Qanunu, Cinayət, İcra-İflas Qanunlarını qüvvəyə mindirib. Əmək əsaslı cəzaçəkmə müəssisələrinin yaradılmasına önəm verərək İmralı həbsxanasını qurub.
Mehmet Şükrü Saracoğlunun ən önəmli vəzifələrindən biri də Xarici İşlər Naziri olmasıdır. O, İkinci Bayar hökumətində (1938-1939) və Saydam hökumətində (1939-1942) bu vəzifəni icra edib. 1942-ci ildə hökuməti qurmaq vəzifəsi ona tapşırıldıqdan sonra (1942-1946) bəzən eyni zamanda Xarici İşlər Naziri vəzifəsini də icra etmək məcburiyyətində qalıb.
İkinci Dünya Müharibəsi dövrü və Baş Nazirliyi
1940-cı ildə İngiltərə və Fransanın Türkiyəni İtaliyaya qarşı müharibəyə cəlb etmə istəyini rədd edib. 1942-ci ildə Refik Saydamın vəfatından sonra İnönü tərəfindən hökuməti qurmaq üçün baş nazir təyin edilib.
5 avqust 1942-ci ildə hökumət proqramını elan edərkən "Biz Türkük, Türkçüyük və daim Türkçü qalacağıq. Bizim üçün türkçülük həm qan məsələsi, həm də vicdan və mədəniyyət məsələsidir" ifadələrini işlədib.
Onun dövründə Varlıq Vergisi tətbiq edilib. Həmçinin, Türkiyə tarixində ilk vahid seçki qanunu hazırlanıb. 1946-cı il seçkiləri "açıq səsvermə - gizli sayım" prinsipi ilə keçirilib.
İkinci Dünya Müharibəsində Almaniyanın Türkiyə ilə yaxın ticarət əlaqələri saxlamasında, xüsusilə də Almaniyaya xrom ixracında iştirak edib. Müharibə bitdikdən və SSRİ Türkiyədən ərazi tələbləri irəli sürdükdən sonra 1946-cı ildə baş nazir vəzifəsindən istefa verərək, vəzifəni Rəcəb Pekerə təhvil verib.
Siyasi Karyerasının Sonu və Vəfatı
1948-1950-ci illərdə Türkiyə Böyük Millət Məclisinin sədri olub. 1950-ci il seçkilərində məğlub olduqdan sonra siyasətdən çəkilib. 27 dekabr 1953-cü ildə İstanbulda vəfat edib və Zincirlikuyu qəbiristanlığında dəfn olunub.
Fənərbaxça İlə Bağlılığı
Mehmet Şükrü Saracoğlu, siyasət karyerası ilə yanaşı, 16 il boyunca Fənərbağçanın prezidenti olub. 22 iyul 1998-ci ildə klubun stadionunun adı Şükrü Saracoğlu Stadionu olaraq dəyişdirilib.