Son dəqiqə

Kim kimdir?

Züleyxa Seyidməmmədova kimdir?

Bakı. TurkicWorld:

İlk azərbaycanlı qadın hərbi pilot, Azərbaycan SSR dövlət xadimi, İkinci Dünya müharibəsi iştirakçısı Züleyxa Mir Həbib qızı Seyidməmmədova 22 mart 1919 – cu ildə Bakı şəhərində anadan olub.

Züleyxa Seyidməmmədova Jukovski adına Hərbi Hava Akademiyasına qəbul olan ilk azərbaycanlı idi. O, İkinci Dünya müharibəsində iştirak etmiş və Marina Raskova tərəfindən yaradılmış 586-cı qırıcı aviasiya alayının şturmanı olmuşdur. Stalinqrad, Kursk, Korsun-Sevçenkovski döyüşlərində iştirak edən Seyidməmmədova, 500 döyüş uçuşu keçirmiş və bir neçə alman təyyarəsini vurmuşdu.

Seyidməmmədova, Azərbaycan SSR Ali Sovetinin II, VI, VII və VIII çağırışları deputatı olub. O, 1946–1951-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komtitəsinin katibi, 1952–1974-cü illərdə Azərbaycan SSR ictimati təminat naziri, 1975-ci ildən etibarən isə Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Rəyasət Heyəti sədrinin müavini vəzifəsini icra edib.

Züleyxa Seyidməmmədova "Lenin", 2-ci dərəcəli "Vətən müharibəsi", 2 "Qırmızı Əmək Bayrağı" və 2 "Şərəf nişanı" ordeni ilə təltif olunub.

Həyatı:

Züleyxa Seyidməmmədovanın atası Mir Həbib ağa ilk təhsilini dini məktəbdə almış, daha sonra isə Bakı real məktəbində oxumuşdu. Mir Həbib ağa mühasib idi və Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin sağ əli sayılırdı. Uşaqlıqdan Hacı Zeynalabdin Tağıyevlə dostluq edən Mir Həbib ağa, Hacıya çox sədaqətli olduğu üçün Hacının ona böyük hörməti var idi. Mir Həbib ağanın Mərdəkandakı əzəmətli mülkü də onun Hacıya olan sədaqətinin nəticəsi idi. Züleyxa Seyidməmmədovanın anası Mina xanım isə təhsilsiz idi və 11 yaşında evləndirilmişdi. Züleyxa onların nikahından doğulmuş ikinci qız idi.

Züleyxa oxuduğu 16 saylı məktəbdə dərs əlaçısı idi və valideynləri onun ali təhsil alıb neft mühəndisi olmasını istəyirdilər.

Onun yüksəklərə olan marağı hələ uşaqlıqdan yaranmışdı. Seyidməmmədova xatirələrində səmaya olan istəyini, ucalığa can atmasının səbəbini belə izah edirdi:

"Mən yüksəkliyi sevirdim. Hər yay ailəmizlə birgə şəhərdən kənarda – Şüvəlan kəndindəki bağımıza köçürdük. Burada əncir və tut ağacları vardı. Mən onların ən yüksəyini seçər, başına dırmaşardım. Evlərin düz damlarına, bağlara, üzümlüklərə, sahili bəyaz ləpədöyən olan dənizə yuxarıdan baxmaq xoşuma gəlirdi..."

Onun bu arzusu məktəb illərində qətiləşir. Belə ki, Züleyxa 7-ci sinifdə oxuyarkən fizika müəllimi Cümşüd Əfəndiyev onları Bakı təyyarə meydançasına ekskursiyaya aparır. Züleyxa sinifdəki oğlanlarla birlikdə bir neçə dəfə təyyarəyə qalxır, hər şeyə diqqətlə baxır, saysız-hesabsız suallar verir. O, axşam evə qayıdanda bu ekskursiya haqqında anası Mina xanıma həvəslə danışaraq: "Mən təyyarəçi olacam!" - deyir.

Ali təhsili:

1934-cü ildə orta məktəbi əla qiymətlərlə bitirən Züleyxa Seyidməmmədova, M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun mədən fakültəsinə daxil olub. 1934-cü ilin əvvəllərində tələbə yoldaşları ilə Bakı təyyarə meydanına gedən Züleyxa ilk dəfə "U-2" təyyarəsi ilə səmaya qalxır. Bu səyahətdən sonra o, tələbə yoldaşları ilə birlikdə institutda aeroklub yaratmağa qərara verir. Tələbələr öz təqaüdləri hesabına klub üçün bir "U-2" təyyarəsi, həmçinin üç planer və iki paraşüt almağa müyəssər olurlar. 1934-cü il yanvarın 6-da klubun açılışı olur. 1934-cü ilin yazında isə bu aviasiya klubu üçün hökumət tərəfindən Zabrat qəsəbəsinə yer ayrılır və ərazinin təşkilində tələbələr yaxından kömək edirlər. Uzunmüddətli məşqlərdən sonra 1934-cü ilin oktyabrında Züleyxa Seyidməmmədova "U-2" təyyarəsi ilə ilk dəfə təkbaşına havaya qalxır. O, 1934-cü ilin sonlarında aeroklubu əla qiymətlərlə bitirərək sertifikat alır və bununla da pilot adını qazanır.

1935-ci ilin mayında bir neçə tələbə paraşütlə tullanmağı sınaqdan keçirir. Arıq, çəlimsiz, qarayanız qız olan Züleyxa paraşütlə təyyarədən tullanır və külək onu dənizə atır. Deyilənlərə görə, onun tullanışını izləyənlər arasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırov da olmuş və Züleyxanın cəsarətinə heyrətini bildirmişdir.

1935-ci ilin avqustunda Moskvada Paraşütçülərin Birinci Ümumittifaq toplantısı keçirilir və toplantıda Zaqafqaziyanı təmsil edən nümayəndələr arasında yeganə qız Züleyxa olur. Toplantıda eniş dəqiqliyinə görə Zaqafqaziya komandası birinci yeri tutur. Təyyarədən paraşütlə 50 dəfə tullandığına görə Seyidməmmədova paraşüt idmanı üzrə təlimatçı vəzifəsinə təyin edilir. O, Zaqafqaziyadan, eləcə də, müsəlman şərqindən ilk qadın paraşütçü kimi qatıldığı iclasdan fəxri fərmanla geri dönür. Şərq, müsəlman qadınının cəsarətlə paraşütlə tullanması hamıda heyrət doğurur və Seyidməmmədovanın fəaliyyəti sovet quruluşunun nailiyyəti kimi qeyd olunaraq mətbuatda geniş şərh edilir.

1936-cı il yanvarın 21-də Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının on beş illiyi ilə əlaqədar Kremldə təntənəli qəbul keçirilir və komsomolçu Züleyxa Seyidməmmədova "Şərəf nişanı" ordeni və qızıl saatla təltif edilir.

Bakıya dönən Züleyxa uçuş klubundakı xüsusi kursları bitirir və pilot təlimatçısı adını alır. Ona təlim keçmək üçün bir qrup mühasib tapşırılır. Həmin qrupdakı səkkiz nəfərdən biri də onun keçmiş fizika müəllimi Cümşüd Əfəndiyev olur. Azərbaycan Sənaye İnstitutunun son kursunda oxuyarkən Seyidməmmədova artıq yüz saatadək uçuş keçirmiş, təlimatçı kimi üç il ərzində 75 təyyarəçi, 80 paraşütçü hazırlamışdı.

O, 1938-ci ildə institutu mühəndis-geoloq kimi bitirdikdən sonra pilot kimi peşəkarlaşmaq üçün Jukovski adına Hərbi Hava Akademiyasına müraciət etsə də, yalnız kişiləri qəbul edən akademiya ona rədd cavabı verir. O, atasının məsləhəti ilə Mir Cəfər Bağırovun qəbuluna gedir. Bağırovun yaddaşında "küləyin dənizə atdığı qız" kimi qalan Züleyxanın müraciəti əsasında Mərkəzi Komitə onun akademiyaya qəbul olunması üçün rəsmi şəkildə Moskvaya məktub göndərir.

1938-ci ilin avqustunda sınaq imtahanları verərək akademiyanın şturman fakültəsinə qəbul olunanlar içərisində yeganə qız Züleyxa Seyidməmmədova olur. Seyidməmmədova həm də Jukovski Hərbi Hava Akademiyasına qəbul olan ilk azərbaycanlı idi.

Akademiyada təhsil alan Züleyxa bir gün qəfil xəbərlə sarsılır. Fakültə dekanı onu yanına çağıraraq ona atasının kulaq kimi həbs edildiyini, əgər Bakıdan bu məlumatı təsdiqləsələr, akademiyadan uzaqlaşdırılacağını bildirir. Züleyxa bu xəbər qarşısında son ümid kimi yenə Bağırova üz tutur. O, Bağırova teleqram ünvanlayır:

"Azərbaycan Kommunist Partiyasının birinci katibi yoldaş Bağırova! Xalq düşmənləri mənim atamın saf adını ləkələmək istəyirlər. Təhsil aldığım Hərbi-Hava Akademiyasına yanlış məlumatlar veriblər. Mən respublikanın göndərişi ilə burada oxuyuram. Tələbələr arasında yeganə qızam. Bakıdan məlumat alandan sonra mənim burada oxuyub-oxumamaq məsələmə baxacaqlar. Xahiş edirəm, haqqı, ədaləti qoruyun ki, yanlış məlumat gəlməsin".

Bağırov tezliklə ölkənin adına xələl gəlməməsi naminə onun atasını həbsdən azad edir və ondan bu barədə heç yerdə danışmaması üçün iltizam alınır. Beləliklə Moskvaya Züleyxaya lazım olan məzmunda məktub gedir: "Yalandır, Mir Həbib Seyidməmmədov evindədir. Hər şey qaydasındadır."

Seyidməmmədova akademiyada oxuduğu dövrdə əvvəl "Duqlas"larla, daha sonra isə orta bombardmançılar, həmçinin uzağa və sürətlə uçan təyyarələrlə səfərə çıxmaq üzrə təlimlər almağa başlayır. O, ölkənin ən güclü şturmanları, Sovet İttifaqı qəhrəmanları Spirin və Belyakovdan hava gəmilərinin bütün sirlərini öyrənir. Birinci kurs müdavimi olan Seyidməmmədovanın şəkli Qureviçin komandirlik etdiyi fakültənin komsomol təşkilatı tərəfindən Akademiyanın "Şərəf lövhəsi"nə vurulur.

1940-cı il fevralın 23-də – Qırmızı Ordu günündə Seyidməmmədovaya kiçik leytenant rütbəsi verilir.

Akademiyanın şturman fakültəsində yeganə qadın olan Züleyxa təhsilini bitirdikdən sonra təlim təyyarə alayında qırıcı təyyarənin şturmanı təyin edilir.

Müharibə illəri:

Seyidməmmədova əsasən akademiya işçilərindən və müdavimlərindən təşkil edilən mayor Qridnevin qırıcı təyyarəçi alayına göndərilir və qırıcı eskadrilyanın şturmanı təyin olunur. Alay müharibənin ilk günündən hərbi qaydaya uyğun olaraq Moskvanın müdafiəsinə göndərilir. Seyidməmmədova həmin günlər haqqında deyirdi:

"Moskvanın o günlərini heç vaxt unutmaram. Gecələr hava həyəcanını, sıraya düzülüb cəbhəyə yol alan tankların gurultularını..."

Seyidməmmədova bu dövrdə döyüşlərdə iştirak etməyə qərar verir və Kommunist Partiyasının üzvü olmaq üçün müraciət edir. Onun müraciəti qəbul edilir.

Müharibənin ilk dövründə sovet aviasiyası böyük itkilər vermişdi. Müharibənin ilk günü 1 200 təyyarə məhv edilmişdi ki, onların da böyük əksəriyyətini almanlar elə aerodromlardaca bombalamışdılar. 1941-ci ilin oktyabrında SSRİ lideri İosif Stalin Sovet İttifaqı Qəhrəmanı Marina Raskovaya qadınlardan ibarət hərbi hissələrin yaradılması ilə bağlı rəsmi əmr göndərir. Əmrə görə, tərkibi sırf qadın pliotlardan ibarət olan üç aviasiya alayı yaradılmalı idi: 586-cı qırıcı alay, 587-ci bombardmançı alay və 588-ci gecə bombardmançı alayı. Hər alayda ən az 400 nəfər olmalı idi.

Bu dövrdə Seyidməmmədovaya Raskovanın onu axtardığını xəbər verirlər. Raskova ona qadın polku yaratmaq ideyasından bəhs edir. Züleyxa Seyidməmmədova bu haqda deyir:

"Müharibə başlananda Moskvada idim. Jukovski adına Hərbi Hava Akademiyasını lap müharibə ərəfəsində bitirmişdim. Məni akademiyanın qırıcı aviasiya polkuna müavin təyin etmişdilər. Yadımdadır, 1941-ci il oktybarın 20-də dedilər ki, məni axtarırlar. Dedilər ki, qadınlardan ibarət üç aviasiya polku yaratmaq istəyirlər. Qırıcı aviasiya polkunda sənin də olmağını istəyirik. Əlbəttə, canla-başla razılıq verdim. Mənim üçün uçmaq, döyüşmək əsl xoşbəxtlik idi".

İdeya tezliklə real həllini tapmağa başlayır. Hərb tarixinin misli görünməmiş ideyası gerçəyə çevrilir: qadın hərbi təyyarə alayları yaradılır. 1941-ci ilin dekabrında qırıcı alayın komandiri Tamara Kazarinova, onun müavini və alayın şturmanı isə Züleyxa Seyidməmmədova təyin olunur. O dövr üçün müasir və sürətli "YAK" təyyarələrinin alaya gətirilməsi ilə hərbçi qızlar bu təyyarələrdə uçmağı öyrənməyə başlayır.

Onlar ciddi hərbi təlim keçdikdən sonra 1942-ci ilin axırlarında ilk olaraq Volqa çayının sol sahilinə göndərilirlər. 1942-ci ilin sonlarında xüsusi əhəmiyyətli təyyarəni qarşılayıb Stalinqradadək müşayiət etmək üçün dörd qırıcı təyyarə göndərilir və bunlardan biri də Seyidməmmədovaya məxsus olur. Sonralar bu xüsusi təyyarənin ölkənin baş katibi Stalini dağılmış Stalinqrada apardığı məlum olur.

1943-cü ilin yazının əvvəlində qırıcı alay Voronejə göndərilir, iyulun 12-də isə Kurskun şimalında və cənubunda əks hücuma keçir. Avqustun 5-də, Kursk döyüşünün başlamasından düz bir ay sonra 586-cı alay Orel və Belqrada daxil olur. Burada gedən döyüşlərə görə Züleyxa Seyidməmmədova 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif olunur. Payızın sonunda qırıcı polk Kiyevə uçur. 586-cı alay sonuncu olaraq Korsun-Şevçenkovski döyüşündə iştirak edir və oradan Buxarestə uçaraq öz döyüş yolunu Rumıniyada başa vurur.

586-cı qırıcı alay Volqadan Vyanayadək döyüş yolu keçmiş, 4 min 419 döyüş uçuşu keçirmiş, 125 döyüş aparmış və 38 alman təyyarəsi vurmuşdu. Alayın qoruduğu heç bir obyekt Hitler aviasiyasından zərər çəkməmişdi. Şəxsən 500 döyüş uçuşu keçirən Seyidməmmodova bir neçə alman təyyarəsini vurmuşdu. Qələbədən sonra qadınlardan ibarət aviasiya hissələri ləğv edildi. Seyidməmmədova da 1945-ci ilin dekabrında kapitan rütbəsində istefaya çıxdı və Azərbaycana qayıtdı.

O dövrdə bir çox jurnallarda, qəzetlərdə mütəmadi olaraq Seyidməmmədovanın qəhrəmanlıqlarını əks etdirən məqalələr, şeirlər dərc olunur, aşıqlar onu "səma qızı" adlandırırdılar.

İctimai-siyasi fəaliyyəti;

Əvvəlcə Bakı şəhər Partiya Komitəsinin təlimatçısı kimi işləyən Seyidməmmədova, 1946-cı ilin sentyabrından 1951-ci ilə kimi Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsinin katibi vəzifəsində çalışmışdır. Elə bu vəzifədə ikən Seyidməmmədova 1947-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı, Rəyasət heyətinin üzvü seçilmişdir. O, 1948-ci ildə Ümumdünya Demokratik Gənclər Federasiyası Şurasının qərarına əsasən fevralın 19-dan 26-dək Hindistanın Kəlküttə şəhərində keçirilən Cənub-Şərqi Asiya ölkələri gənclərinin konfransının iştirakçısı olur və "Sovet ittifaqı qadınları" mövzusunda məruzə ilə çıxış edir.

Konfrans işini bitirdikdən sonra Seyidməmmədova sovet nümayəndə heyətinin tərkibində Hindistanın Dehli və Qaziabad şəhərlərində olur. Hindistanda olarkən Seyidməmmədovaya hədiyyə edilmiş əşyalar - hindli məktəblilərin verdiyi qırmızı plastmas qələm, hind milli ornamentləri ilə bəzədilmiş yasəmən rəngli pambıq parçadan saçaqlı şərf, ağ kətan parçadan tikilmiş uzun qulplu bəzəkli qadın çantası hal-hazırda Milli Azərbaycan Tarixi Muzeyində qorunub saxlanılır.

1952-ci ildə Azərbaycan SSR-in sosial təminat naziri seçilən Seyidməmmədova, 1974-cü ilə qədər bu vəzifəni icra etmişdir. O, sosial təminat naziri vəzifəsində çalışan ilk qadın idi. Seyidməmmədova qiyabi olaraq 17 aprel 1953-cü ildə Moskva Ali partiya məktəbini, 28 noyabr 1957-ci ildə isə Leninqrad Hərbi Mühəndislik Akademiyasını bitirmişdir.

1960-cı il martın 8-də Sov. İKP MK, SSRİ Ali Sovetinin Rəyasət Heyəti və SSRİ Nazirlər Soveti Beynəlxalq Qadınlar Gününün 50 illiyi şərəfinə ziyafət vermiş, Seyidməmmədova Azərbaycan qadınlarından ibarət nümayəndə heyətinə rəhbərlik etmişdir. O, bu tədbirdə "Lenin" ordeni ilə təltif olunmuşdur.

Züleyxa Seyidməmmədova həmin dövrdə Azərbaycan SSR Ali Sovetinin 6-cı (1965) və 7-ci (1968) çağırışlarının deputatı seçilmiş, sovet Azərbaycanının səlahiyyətli nümayəndəsi kimi dünyanın bir çox ölkələrində, o cümlədən Misirdə, Türkiyədə, Rumıniyada və ikinci dəfə Hindistanda olmuşdur. 1966-cı ildə qadınlardan ibarət nümayəndə heyətinin başçısı kimi Hindistanda olarkən hind xalqının dövlət xadimi Cəvahərləl Nehrunun qızı, baş nazir İndira Qandi ilə görüşmüşdür.

Sovet hökuməti qurulduqdan sonra yeni yaranmış hökumət, Mirhəbib ağanın Tatarski (indiki Əlimərdan bəy Topçubaşov) küçəsindəki ikimərtəbəli evini və 1915-ci ildə Şüvəlanda tikdirdiyi bağ evini əlindən almışdı. Seyidməmmədova nazir təyin olunduqdan sonra atasının çox sevdiyi bağ evlərini geri almaq üçün təşəbbüslər göstərmiş, varlı adamlara məxsus, dövlət tərəfindən müsadirə edilmiş evlərin siyahısını çıxararaq atasından onların içərisindən öz evlərini tapmasını istəmişdir. Bu haqda həmin günlərin şahidi olan yazıçı Manaf Süleymanov "Son bahara çatdıq…" adlı əsərində yazır:

"...bağı komsomolun Mərkəzi Komitəsinin birinci katibi Züleyxa Seyidməmmədovaya verdilər. Əvvəllər bolşeviklər onu müsadirə edib yüksək mənsəb sahiblərinə verirdilər. Bu bağ neçə-neçə yüksək vəzifəlini yola saldı. İndi isə yenidən sahibinə qismət oldu. Atalar boş yerə deməyiblər ki, "halal mal yiyəsinə qayıdar".

Züleyxa Seyidməmmədovanın dayısı Abid Mirqasımov Azərbaycan Xalq Cümhuriyyəti dövründə Avropaya ali təhsil almağa göndərilən tələbələrdən idi. Bu amil və atası Mir Həbib ağanın H. Z. Tağıyev il yaxın olması səbəb göstərilərək iclasda Seyidməmmədovanın partiyadan çıxarılması təklifi irəli sürülmüşdü. Bu zaman o, ayağa qalxaraq demişdi:

"Birincisi, mənim dayım Parisdə yaşamır, rəhmətə gedib. İkincisi ... partiya biletini mənə siz verməmisiniz ki, alasınız. Mən sizin MK büronuzda heç iştirak etmək istəmirəm".

Seyidməmmədova bunu deyib əsəbi halda iclası tərk edir. Bu məsələ Moskvaya çatdırılır və onlar Seyidməmmədovannın müharibədəki xidmətlərini nəzərə alaraq onu mühakimə etmir, əksinə, respublikada daha yüksək vəzifə ilə təmin edilməsinə şərait yaradırlar.

Seyidməmmədova 1967 və 1971-ci illərdə "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif olunmuşdur. 1969-cu il dekabrın 19-da Züleyxa Moskva şəhər sovetinə deputat seçilmiş və Sov. İKP sıralarına daxil olmuşdur. Seyidmməmədova səhhətində yaranan problemlər səbəbi ilə 1975-ci ildə Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Rəyasət Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Seyidməmmədova ölkənin ictimai işlərində fəal iştirak etmiş, xüsusilə ömrünün sonlarına yaxın dünyanın müxtəlif yerlərində yaşayan 50 milyonluq Azərbaycan türkünün yenidən bir araya gəlməsinə çalışmış və işğal dövründə itirilmiş əlaqələrin barpası ilə ciddi şəkildə məşğul olmuşdur. Buna baxmayaraq o, pilot kimliyini həmişə qorumuş, 1967-ci ilin sentyabrında Leninqradda Beynəlxalq ictimai təminat assosiasiyasının Baş assambleyasında jurnalistin verdiyi "Siz əmək həyatınızı nə ilə başlamısınız?" sualına "Bakı aeroklubunda təyyarəçi olmuşam. Bu mənim birinci və ən çox sevdiyim vəzifədir" cavabını vermişdi.

Kitabları:

Züleyxa Seyidməmmədova Hindistandan Bakıya qayıtdıqdan sonra onun "Hindistanda nələr gördüm" adlı 47 səhifəlik kitabı nəşr olunub.

1969-cu ildə onun "Təyyarəçi qadının qeydləri" kitabı işıq üzü görmüş və rəğbətlə qarşılanmışdır. Seyidməmmədova öz kitabında akademiyadakı təhsilindən, Valeriy Çkalov, Marina Raskova və başqa təyyarəçilərlə görüşməsindən, polkun döyüş fəaliyyəti və hərbçi rəfiqələrindən bəhs edirdi.

1973-cü ildə Seyidməmmədovanın "Pensiya təminatında yeniliklər" kitabı nəşr olunub.

İrsi:

Züleyxa Seyidməmmədovanın 150-dən artıq sənəd, əşya və mükafatları Milli Azərbaycan Tarixi Muzeyində mühafizə olunur. Onların içərisində şəxsən özünün istifadə etdiyi əşyalar ─ Jukovski adına Hərbi Hava Akademiyasında oxuyarkən işlətdiyi loqarifmik xətkeş, 1939, 1941-ci illərə aid iki ədəd transportir və təyyarəçi eynəyi də var.

Muzeydə 1963-cü ilin iyununda Moskvada Dünya qadınlarının konqresi zamanı Z. Seyidməmmədovaya Braziliya qadınlarının hədiyyə etdikləri boyunbağı və iki bilərzik, 1964-cü ilin martında Türkmənistan qadınlarının IV qurultayında iştirakı zamanı hədiyyə edilmiş bəzəkli taxtadan metal zəncirli medalyon, həmin ildə Rumıniyada olarkən hədiyyə edilmiş dəstəkləri rumın milli nəqşilə bəzədilmiş taxta qaşıq və çəngəl, 1965-ci ildə Vilnyusda qadınlar qurultayı zamanı bağışlanmış milli ornamentli toxunma kəmər, 1968-ci ildə Konqodan Bakıya gəlmiş qadınlardan ibarət nümayəndə heyətinin hədiyyəsi – göy rəngli pambıq parçadan şərf, 1972-ci ildə Azərbaycan qadınlarının IV qurultayının iştirakçıları olan vyetnamlı qadınların hədiyyəsi – vurulub salınmış ABŞ təyyarəsinin qalıqlarından düzəldilmiş üzük qorunub saxlanılır.

Tofiq Quliyev Rəşid Behbudovun təklifi ilə "Züleyxa" adlı mahnı bəstələyib. Behbudovun Moskvaya səfəri ərəfəsində hazır olan "Züleyxa" mahnısı, elə müğənninin öz istəyi ilə rus dilində Tofiq Quliyevin müşayiətilə lentə alınmış, sonradan vala yazılan bu mahnı yüksək tirajla satılmışdı.

Haqqında fikirlər:

Azərbaycanın xalq şairi Səməd Vurğun yazırdı:

"Mən Züleyxa Seyidməmmədovanı ilk dəfə 1936-cı ildə gördüm. Biz böyük nümayəndə heyətinin tərkibində Moskvaya, Kremlə gəldik. Orada Sovet hökuməti rəhbərlərinin təntənəli qəbulunda olduq. O zaman Azərbaycanın ilk idmançı - təyyarəçi qadınlarından biri olan Züleyxa çox gənc idi. Onun qeyri-adi həyatsevərliyi, biliyə, mədəniyyətə sonsuz meyli, insanlara isti münasibəti elə o vaxt şahin baxışlı bu qızın böyük gələcəyi olacağına əminlik yaradırdı".

Moskavadakı eskadrilyanın adyudantı təyyarəçi nazir Valentina Yendakovanın dediklərindən:

"Biz ilk dəfə Züleyxa Seyidməmmədova ilə 1941-ci ilin oktyabrında Moskvada xüsusi xidmət məktəbindəki toplanma məntəqəsində qarşılaşdıq. Qəşəng, qamətli, hərbi geyimdə qız idi. Xüsusən onun uzun kiprikli qara gözləri qəşəng idi. Lakin o yalnız qəşəng qız deyildi. Onun çiyinləri arxasında aeroklubdakı uçuşlar, institut, Hərbi Hava Akademiyası vardı".

"Vətən üçün" qəzeti Seyidməmmədova haqqında yazırdı:

"Son dərəcə mühüm tapşırıqlar almış bir zabiti birləşmə qərargahına aparmaq lazım idi. Bu iş Z.Seyidməmmədovaya tapşırılmışdı. Hava uçuş üçün pis idi. Meteoroloqlar bu cür havada üçmağı ağılsızlıq sayırdı. Ancaq uçmaq lazım idi. Zabitin vaxtında çatdırılmasından çox şey asılı idi. Züleyxa havaya qalxdı. Buludlar alçaqda olduğu üçün təyyarə lap yerin üstü ilə uçurdu. Get-gedə yağış güclənirdi. Yağışın çəkdiyi pərdədən ətrafda heç nə görünmürdü. Belə uçuş pilotdan son dərəcə diqqətli olmağı tələb edirdi. Gərginlikdən Züleyxanın gözləri sancırdı. Nəhayət, təyyarə çayı keçdi, şəhərin üzəri ilə uçdu, təyyarə meydanında yerə endi. Birləşmə komandiri Z.Seyidməmmədovanı uğurlu uçuşla təbrik etsə də, heyrətini gizlədə bilmədi.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər