Bakı. TurkicWorld:
Türkiyəli musiqiçi Murat Göğebakan, 9 oktyabr 1968-ci ildə Adanada anadan olub. İbtidai, orta və lisey təhsilini Adanada tamamlayan Göğebakan 1986-cı ildə Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyasına daxil olub. Göğebakan, universitet təhsilindən sonra Çukurova Universitetində müəllim kimi çalışıb. Bu illərdə sənətçi gitara dərsləri verib və 1995-ci ilə qədər Adanada qalıb.
Albom işi üçün İstanbula gələn sənətçi 1996-cı ildə "Ben Sana Aşık Oldum" adlı albomunu çıxarıb və bu albom böyük marağa səbəb olub. Kral TV Video Musiqi Mükafatları Mərasimində "İlin mahnısı", "Ən yaxşı söz", "Ən yaxşı bəstə", "Ən yaxşı rok" və "Ən yaxşı albom" nominasiyalarına namizəd olan Göğebakan, "Ən yaxşı albom buraxan kişi sənətçi" mükafatını alıb. Murat Göğebakan daha sonra "Sen rahatına bak", "Tek suçum seni sevmekmiş" və "Merhaba" albomlarını buraxıb.
Sənətçi 2002-ci ildə çıxardığı "Ayyüzlüm" albomu ilə MUYAP-ın "Ən yaxşı satan albom mükafatları"na layiq görülüb. Göğebakan uğurunu daha sonra çıxardığı "Yaralı" və "Sana Olan Aşkım Şahit" albomları ilə davam etdirib. “Həsəndən olma, Xədicədən doğma Murat Gögebakan” adlı kitabı da nəşr etdirən Gögebakan, 2010-cu ildə qan xərçənginə tutulub. 2012-ci ildə "Aşkın Gözyaşları" adlı albomunu yenicə çıxaran Göğebakan bir müddət müalicə alıb.
Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Murat Göğebakan, 31 iyul 2014-cü il tarixində xəstəliyi ilə əlaqədar yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Göğebakanın cənazəsi Fatih məscidində qılınan namazdan sonra Adananın Sarıçam rayonundakı Buruk qəbiristanlığında torpağa tapşırılıb.
Murat Göğebakanın ilk evliliyindən Bülent adlı övladı var. Göğebakan 1994-cü ildə birinci həyat yoldaşından ayrılıb və 2000-ci ildə Səma Bekməzlə ailə həyatı qurub. Təxminən on il davam edən bu evlilik 2010-cu ildə bitib.
Albomları:
Ben Sana Aşık Oldum (1997)
Sen Rahatına Bak (1998)
Tek Suçum Seni Sevmekmiş (1999)
Merhaba (2000)
Sindomax (2000)
Ay yüzlüm (2002)
Yaralı (2004)
Aynı Mahallenin Çocukları (2004)
Sana Olan Aşkım Şahit (2005)
Geçmişten Geleceğe Yunus Emre (2005)
Sevgiliye (2007)
Bahar (2007)
Aşıklar Yolu (2010)
Aşkın Gözyaşları (2012)







