
Bakı. TurkicWorld:
MFÖ qrupunun üzvü, musiqiçi, kino və serial aktyoru Raif Özkan Uğur 17 oktyabr 1953-cü ildə İstanbulda anadan olub.
Özkan Uğurun atası Hurşit Uğur baş mühəndis işləyib. Ailənin beşinci uşağı olan Uğur Reşat Nuri Güntəkin adına ibtidai məktəbdə oxuyarkən mandolin musiqi aləti ilə tanış olub. Fənərbaxça liseyində oxuyarkən onun musiqi sevgisi daha da artıb. İlk olaraq, “Atomiklər” adlı özfəaliyyət qrupu yaradıb və dövrün məşhur mahnılarını ifa ediblər.
Musiqi karyerasına 1970-ci ildə Şerif Yüzbaşıoğlu Orkestrasında başlayıb. 1971-ci ildə Kızıltoprakda tanış olduğu Mazhar Alanson, Fuat Güner və ilk qrupu "Kaygısızlar" ilə peşəkar bas gitara çalmağa başlayıb. O zaman Sadıq Kuyaş da qrupda bas ifaçısı idi. Bir müddət birlikdə ifa etdikdən sonra Kuyaş qrupdan ayrılıb və Uğur qrupun basçısı olub.
"Kaygısızlar" qrupu dağıldıqdan sonra 1972-ci ildə Barış Mançonun qurduğu "Kurtalan Ekspres" rok qrupunun ilk komandasında yer alıb və qrupun Ankara Dedemanda baş tutan ilk konsertində iştirak edib. Sonralar Barış Manço hərbi xidmətə yollanıb. Qrup bir müddət dağıldıqdan sonra Özkan Uğur, Aydın Çakuş və Nur Yenalla birlikdə "Ter" qrupunu qurub. Qrup, o dövrdə öz qrupunu dağıtmış Erkin Korayla birləşərək 1972-ci ildə "Hor Görme Garibi / Züleyha" 45'liyini buraxıb.
Barış Manço əsgərlikdən qayıtdıqdan sonra Özkan Uğur "Kurtalan Ekspres" qrupuna geri dönüb. 1973-1974-cü illərdə bu qrupla çalışıb. O, iki rekordda iştirak edib. 1974-cü ildə qrupdan ayrıldıqdan sonra Özkan Uğur, bu dövrdən köhnə dostları olan Mazhar - Fuadın hazırladığı studiya albomunda bas çalıb. 1976-cı ildə "Kurtalan Ekspres"ə qısamüddətli bas gitarist, 1978-ci ildə isə Anadolu turnası üçün gitaraçı kimi qatılıb.
1974-cü ildə "Kurtalan Ekspres"dən olan dostu Murat Səslə, bir müddət Edip Akbayramın Dostlar Orkestrasında iştirak edib. Lakin musiqi mövzusundakı fikir ayrılıqlarına görə ayrılıb. Daha sonra sənətçi "Anadolu Rok" qrupunun digər məşhur qolu olan olan Ersen və Dadaşlar qrupuna Taner Öngürün yerinə bas gitaraya keçib. Üç 45-likdən sonra Ersen Dinleten və Dadaşlar dövrün siyasi şərtlərinə görə yollarını ayırıblar. Özkan Uğur bir müddət Dadaşlarda qalıb və "Selda və Dadaşlar" adı ilə çıxan Mahnılarımız LP-də Selda Bağcanla birlikdə bas gitara çalıb. 1976-cı ildə Seyhan Karabay və Qardaşlar qrupunun 45-liyində yer alıb.
1976-cı ildə Fuat Güner və Mazhar Alansonla birlikdə yenidən "İpucu beşliyi"nə qoşulub. Qrup dağıldıqdan sonra 1978-ci ildə Qalip Boransu və Cengiz Teoman ilə birlikdə "Grup Karma"nı qurublar. 1978-ci ildə bu qrupla qatıldıqları Türkiyə Eurovision seçmələrində bəstəsi Qalip Boransuya məxsus olan "İmkansız" mahnısı ilə dördüncü yeri tutublar.
1980-ci illərin əvvəllərində Özkan Uğur, Mazhar Alanson və Fuat Güner məşhur ifaçıların ansamblında müxtəlif alətlərlə çıxış ediblər.
1980-1983-cü illərdə Özkan Uğur, Fuat Günerlə birlikdə Ferhan Şensoyun "Şahları da Vururlar" və "Kahraman Bakkal Süpermarkete Karşı" tamaşalarında musiqiçi və aktyor kimi rol alıb.
1984-cü ildə MFÖ olaraq ilk albomları olan "Ele Güne Karşı Yapayalnız" onlara böyük şöhrət qazandırıb. Özkan Uğur 1985-ci ildə Diday Diday Day və 1988-ci ildə Sufi mahnısı ilə Türkiyəni iki dəfə Eurovision-da təmsil edib.
Özkan Uğur MFÖ-də bas gitara çalarkən tenor səsi ilə inanılmaz dərəcədə çətin vokalları uğurla ifa edib. Sənətkarın heç bir məna ifadə etməyən sözlərdən ibarət mahnıları da var. Çıxardıqları mahnıların bir çoxunda bəstələri ilə diqqət çəkib. "Bazen", "Amanın Aman", "O Neydi O" kimi bəstələrinin vokalında da iştirak edib. O,"Ali Desidero" ve "İdare Edip Gidiyoruz" mahnılarında səs tonunu dəyişərək vokalla duet oxuyub.
Özkan Uğur 1996-cı ildə Yavuz Turgulun rejissorluğu ilə Şener Şen və Uğur Yücelin oynadığı Eşkiya filmində rol alıb. 1998-2001-ci illər arasında ATV-də yayımlanan İkinci Bahar serialında polis rolunu oynayıb. O, ATV-də yayımlanan “Ağırlığınca Altın” yarışmasını təqdim edib. Komser Şekspir filmində rol alıb. Sənətçi ATV-də yayımlanan Yeter Anne serialında ana obrazını canlandıran Suna Pekuysalın oğlu rolunu da canlandırıb. O, “Alatoran” serialında Bedir Büyükdereci obrazını canlandırıb. Cənnət Mahallesi serialında Beter Ali rolunu ifa edib. G.O.R.A. filmində Qaravəl obrazını, A.R.O.G. filmində isə Dimi rolunu oynayıb.
2010-cu ildə başlayan Türk malı serialında rol alan Özkan Uğur, 2014-cü ildə "Pek yakında" filmində Ejder rolu ilə yenidən böyük ekranlara çıxıb. 2019-cu ildə Karakomik Filmlər: Kaçamakta İbrahim, 2020-ci ildə isə Karakomik Filmlər 2: Tuncay Uğurlu obrazlarını canlandırıb.
Özkan Uğur, Aysun Aslan Uğurla evlidir və Alişan adlı bir oğlu var.
2013-cü ildə limfa xərçəngindən sağalan Özkan Uğur, 2020-ci ildə yenidən xərçəng müalicəsi almağa başlayıb.
Təxminən bir ay yarım reanimasiya şöbəsində müalicə olunan Özkan Uğur ağciyərlərindəki müxtəlif problemlər səbəbiylə müalicələrə müsbət cavab verməməyə başlayıb. O, 2023-cü il iyulun 8-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib.