Bakı. TurkicWorld:
Həyatı:
Eldar Mansurov 1952-ci il fevralın 28-də Bakıda İçərişəhərdə, musiqiçi ailəsində anadan olub. 1968–1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) fortepiano sinfində, 1974–1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb.
"Yeddi gözəl" rok-operası, "Kleopatra" və "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir çox filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir.
Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə "Əməkdar incəsənət xadimi", 2012-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 2012-ci il fevral ayının 21-dən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
2007-2012-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində işləyib.
1981-ci ildən SSRİ, sonralar isə Azərbaycan Bəstəkarlar İttifaqının, 1999-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.
Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə "Əməkdar incəsənət xadimi", 2012-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 28 fevral 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
Ailəlidir, 2 oğlu var.
Yaradıcılığı:
"Bayatılar"
Bəstəkar Eldar Mansurovun "Bayatılar" mahnısını ilk dəfə 1989-cu ildə о vaxt Azərbaycan estradasının gələcək ulduzu Brilliant Dadaşova ifa etdi. "Bayatılar" dərhal populyarlıq qazandı və artıq 1990-cı ildə "Melodiya" şirkəti tərəfindən val şəklində böyük tirajla çap olunaraq keçmiş sovet məkanında geniş yayıldı. Şair Vahid Əzizin sözlərinə yazılmış "Bayatılar" bu günə kimi ən sevimli mahnılar sırasındadır. O vaxtdan indiyədək bu uzunömürlü mahnı dünyanı gəzir. "Bayatılar"ın musiqisi Türkmənistan, Rusiya, Türkiyə, Yunanıstan, Almaniya, İtaliya, İspaniya, Fransa, Rumıniya, Bosniya və Herseqovina, Xorvatiya, ABŞ, İngiltərə, İsveç, Kanada, İsrail, ərəb ölkələri, hətta uzaq Braziliyada da müxtəlif ifaçılar tərəfindən istifadə edilib.
Bu mahnı sözləri şair Nikolay Denisova məxsus olan "Zdravstvuy" adı ilə Rusiya estradasının "şərq" ulduzu sayılan Reno tərəfindən ifa edilmişdi. Braziliyada "Bayatılar" vokaliz şəklində məşhur caz müğənnisi Monica Salmaso və onu müşayiət edən "Orquestra Popular de Câmara" tərəfindən səsləndirilib. Sonralar "Bayatıları" məşhur Braziliya cazmeni, pianoçu Benjamim Taubkin və onun qrupu instrumental versiyada ifa etdilər. Almaniyanın "Grinsteins Mischpoche" qrupunun ifasında mahnının nəfəsli alətlərlə instrumental variantı bir növ marşı xatırladır. Türkiyə estradasının "kraliçası" Sezen Aksu "Bayatılar"а yeni ruh və nəfəs verdi. "Zalim" adı ilə Türkiyədə məşhurlaşan bu mahnının sözləri Sezen Aksuya aiddir. Levent Yükselin ifasında və klip şəklində təqdim etdiyi "Zalim" neçə illərdir ki, Türkiyədə ən çox sevilən mahnılar siyahısındadır. 1995-ci ildə yunan müğənnisi Petros Dourdumbakis "Bayatılar" adlı mahnı ifa etdi. 1997-ci ildə isə digər yunan müğənnisi Dimitra Galani, şair Nikos Maraitisin "Bayatıları" bir daha ifa etdi. Bir neçə il sonra daha bir yunan müğənnisi Vasilis Lekkas Bayatıları ifa etdi.
Artıq 20 ildən çoxdur ki, "Bayatılar" müxtəlif interpretasiyalarda səslənir və dünyanın məşhur musiqiçiləri tərəfindən disklərə yazılır. Son illərdə "Bayatı" demək olar ki, Avropanın bir çox ölkələrində remix üslubunda yeni çalarlarla, "hip-hop" ritmində və hər xalqın öz dilində səslənir. Yunanıstanda Keti Qarbinin "Esena mono", Türkiyədə Seray Severin "İçim yanıyor" mahnılarını və başqalarının ifalarını buna misal göstərmək olar. Sonralar Türkiyənin "Çalarsaat" qrupu "Bayatılar"ı "Zalim" adı ilə rok üslubunda ifa ediblər. 2006-cı ildə "Bayatılar" mahnısı bir neçə yeni variantda səslənib.
Türkiyənin tanınmış DJ-ləri – Hüseyn Karadayı və Cem Nadiran "Bayatılar"ı "Miracles" adı ilə rep üslubunda ifa etdilər. Elə həmin il yunan DJ Pantelis də "Bayatılar"ı – "I Have A Dream (Extended MIX)" adı ilə ifa etdi. Azərbaycanda isə bu mahnını Aygün Kazımova özünəməxsus şəkildə ifa edib. Sonralar bir çox ölkələrdə, müxtəlif ifaçılar bu mahnını bir-birindən fərqli versiyalarda ifa etməyə başladılar. 2009-cu ildə italiyanın "Cantodiscanto" qrupu "Bayatıları" fərqli şəkildə ifa etdi. "Bayatılar" İsraildən də yan keçmədi. 2011-ci ildə İsrailin "Babbe Rabbe" qrupu "Bayatılar"ı orijinal versiyasında olduğu kimi ifa etdilər.
Elə həmin ildə rumıniyalı DJ Edward Maya "Bayatılar"dan öz "Stereo love" (Vika Jigulina vocal version Extended) mahnısında istifadə etdi. "Zalim" ilə məşhurlaşan Türkiyəli Levent Yüksel 2006-cı ildə "0 km" qrupu ilə həmin mahnını rok üslubunda yenidən ifa etdi. 2004-cü ildə bosniyalı Dino Merlin "Subota" adı ilə "Bayatıları" bir daha ifa etdi. 2005-ci ildə Nyu-Yorkda yaranmış "Brazilian girls" qrupu "Don’t Stop" kompozisiyasında bir daha Bayatılardan istifadə etdi. 2010-cu ildə "Bayatılar"ı daha bir instrumental qrup – İngiltərənin Bristol şəhərinin "The Guzek Trio" üçlüyü ifa etdi. 2010-cu ilin daha bir maraqlı versiyası İngiltərənin Hip-Hop, Rep, R&B üslubunda ifa edən populyar "N Dubz" qrupu oldu. Onlar "Bayatılar"ı "Scream my name" adlı kompozisiyasına daxil edib ifa etdilər.
Hər zaman olduğu kimi "Bayatılar" Türkiyədə də "Zalim" adı ilə bir çox müğənnilər tərəfindən hələ də oxunmaqdadır. Belə ki, ən sonuncu versiyalar Bergüzar Korel və Tuğba Yurt tərəfindən oxunub.
"Bəhramnamə"
Eldar Mansurovun "Bəhramnamə" əsəri onun atası, məşhur tarzən Bəhram Mansurovun əziz xatirəsinə həsr olunub. Zəmanəsinin ən ifaçılarından olan Bəhram Mansurov muğamlarımızı dünyaya tanıtdıran ilk musiqiçidir. 1971 və 1975-ci illərdə UNESCO ilk dəfə məhz onun təkrarsız və virtuoz ifasında Azərbaycan muğamlarını val şəklində çap edib. O vaxt bu fakt Azərbaycan mədəniyyətinin tarixində böyük və mühüm hadisə hesab olunurdu. İllər keçdi və yenə milli musiqimizin tarixində böyük hadisə baş verdi. Və nə yaxşı ki, bu hadisə də böyük tarzənin adı ilə bağlıdır. "Bəhramnamə" layihəsi əvvəlcə alboм şəklində musiqisevərlərə təqdim olundu. Sonra layihənin efir ömrü başlandı: bir il ərzində yerli radiostansiyalarda bu ecazkar musiqi səsləndi. Nəhayət, layihə nəhəng konsertlə tamamlandı. 2005-ci ilin dekabrın 1-də Heydər Əliyev adına Sarayda, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə "Bəhramnamə" layihəsinin təqdimatı keçirildi. Musiqiçilər tamaşaçıları yeni janrla tanış etdilər. Onun adı simfo-folk-rokdur. Burada simfoniya, rok, caz və muğam harmonik şəkildə vəhdət təşkil edir. Zala toplaşanlar Eldar Mansurovun yeni yaratdığı orkestrin müşayiətilə "Bəhramnamə"nin canlı ifasını ilk dəfə eşitdilər. Pianoçular Nazim Əhməd və İlqar Bakıxanov, bas gitarada Ramiz Ağazadə, gitarada Rafiq Rəsulov, tarla çalan Yaşar Hüseynov və zərb alətləri ifaçısı Sergey Krasnyanskidən ibarət olan orkestr "Bəhramnamə"ni yüksək səviyyədə musiqisevərlərə təqdim etdilər. Bəstəkarın qardaşı – tarzən Elxan Mansurov orkestrin müşayiətilə "Mahur-hindi", "Segah", "Şüştər", "Rast", "Bayatı-Şiraz", "Bayatı-kürd", "Çahargah", "Humayun" muğamları əsasında yazılmış kompozisiyaları atasından yadigar qalmış tarda ifa etdi. Bu muğamlar, amma digər interpretasiyada – vokal-instrumental variantda populyar müğənni Manana və xanəndə Elbrus Abdulzadənin ifasında səsləndi. "Bəhramnamə"də Şərq və Qərb görüşüb. Hər iki sivilizasiyanın kəsiyində yerləşən Azərbaycan bu iki qütbü özündə birləşdirir. Eldar Mansurov orijinal sintez yaradıb: о, simfoniya, rok və muğamı birləşdirib və onları cazla daha da rəngarəng edib. "Bəhramnamə"də səslənən hər bir kompozisiya musiqiçilərin ifasında Şərq və Avropa motivlərinin vahid bitmiş formasıdır. Klassik Azərbaycan muğamı təmamilə yeni şəkildə – müasir Avropa ritmlərinin müşayiəti ilə təqdim olunub.
"Bəhramnamə-2" 2005-ci ildə ifa olunmuş "Bəhramnamə" layihəsinin davamıdır. Bəstəkar bu yeni layihədə həm səslənmə, həm də forma etibarilə yenilliklər etmişdir. Birinci layihədən fərqli olaraq Eldar Mansurov burada Azərbaycan milli musiqi aləti olan tardan və rok qrupundan başqa ilk dəfə böyük simfonik orkestrdən istifadə edir. Bu üç müxtəlif janrlara aid olan alətlər bir-biri ilə sintezdə çox gözəl və həmahəng səslənir. "Bəhramnamə-1" layihəsindən fərqli olaraq bu dəfə simfonik orkestr yeni layihəyə səslənmədə xüsusi gözəllik gətirir. Üç janrın sintezi, belə bir səslənmə "Bəhramnamə-2"ni ona bənzər layihələrdən öz orijinallığı ilə tam fərqləndirir. "Bəhramnamə-2" özündən əvvəlki layihə kimi 2 hissədən ibarətdir – instrumental və vokal. Layihənin vokal hissəsində solistlərdən başqa ilk dəfə olaraq kapella xorundan istifadə olunur. İnstrumental hissəsində isə Eldar Mansurov bir sıra yenilliklər edir. Belə ki, bu dəfə tardan başqa, Azərbaycan milli nəfəsli alətlərindən – ney, balaban, tütəkdən istifadə olunur. "Bəhramnamə-2"də "Rast" dəstgahından başqa bəstəkar çalğı praktikasında az ifa olunan "Qafqaz Humayunu", "Nəva-Nişabur", "Çoban bayatı", "Kürdü-Şahnaz" müğamlarına müraciət edir. Ümumiyyətlə, "Bəhramnamə-2" janr, forma və üslubuna görə orijinal və unikal bir layihədir.
Kitab, not və məqalələr:
Eldar Mansurov uzun illər təkcə bəstəkarlıq ilə yox, həm də muğamlarımızın tarixi və nəzəriyyəsi ilə də məşğul olub. Hələ konservatoriyada oxuduğu tələbəlik illərində muğamların nəzəriyyəsi haqqında elmi məqalələr yazmağa başlayır. 1987-ci ildə Səmərqənd şəhərində keçirilən Beynəlxalq Muğam simpoziumunda "Muğam adlarının yaranma tarixi" elmi məqaləsi ilə çıxış edir. Sonralar bu yazıların bir çoxu müəllifin "Muğam düşüncələrim" adlı kitabında toplu şəklində çap olunur. Elmi məqalələrlə yanaşı Eldar Mansurov 10 ildən çox atası Bəhram Mansurovun tarda ifasından bütün muğamları, qədim dəraməd, rəng, diringə, təsnif və bir çox el havalarını nota salıb. Eldar Mansurov 30 ildən çox nəslinin tarixi ilə də maraqlanıb. Arxivlərdə, muzeylərdə, kitabxanalarda bir çox əlyazmaları və tarixi sənədləri tədqiq edib, XVII əsrin əvvəllərindən bu günümüzə qədər əslən bakılı olan Mansurovlar nəslinin tarixini yazıb.







