Son dəqiqə

Kim kimdir?

Cem Karaca kimdir?

Bakı. TurkicWorld:

“Anam ermənidir, amma mən türkəm”- Cem Karaca

Cem Karaca 5 may 1945-ci ildə azərbaycanlı Məmməd Karaca və erməni əsilli Toto Karacanın (əls adı İrma Fələqyan) ailəsində dünyaya gəlib.

Atası Türkiyənin tanınmış teatr aktyoru, anası isə Opera sənətçisi olub. Elə buna görə də, Cem Karaca dünyaya gələndən incəsənət mühitində yaşayıb. Onun fərqli baxış bucaqlarına, dinlərə mənsub valideynləri Cemi daha multikultural bir mühitdə böyüdüb. Cem Karacanın dördüncü həyat yoldaşı İlkim Karacanın sözlərinə görə, onun valideynləri bir-birlərinin həyat tərzlərinə hər zaman hörmət ediblər, Cem Karacanın boynundan asdığı İmam Əlinin qılıncı boyunbağısı atasından, çarpayısının üzərindən asdığı İsa peyğəmbər şəkli isə anasından miras qalıb. Bir məsələdə isə Mehmet Karaca həyat yoldaşına qadağa qoyub: Cemə erməni dili öyrədilməyəcək.

Cem Karaca hər zaman dialektinin: Məsələn, Türkiyə türkçəsindəki “Ben” sözü əvəzinə Azərbaycan türkçəsində olduğu kimi “Mən” deməsinin, qırtlaqdan çıxardığı səslərin, ozanlara, aşıqlara xas üslubunun azərbaycanlı atasından, opera boğazlarının isə anasından keçdiyini deyib.

Cem Karacanın gənclik illəri Türkiyədə komunist ideyalarının geniş yayıldığı, eyni zamanda qərb musiqisinə, mədəniyyətinə maraq duyulan dövrlərə düşüb. “Rok-n-rollun kralı” sayılan Elvis Preslidən təsirlənən Cem səhnəyə çıxıb sol yönümlü mahnıları ifa edib. Ancaq atası onun musiqi ilə məşğul olmasına qəti etiraz edib və hətta onun çıxışlarına tamaşaçı qismində pulla tutulmuş adam göndərib. Həmin adamlar Cem mahnısını oxuduqdan sonra səslər çıxarır, etiraz edir, onun səhnədən düşməsini tələb edirdilər. Bütün bunlara baxmayaraq Cemin musiqi sevgisinin qarşısı alına bilməyib, o, Apaşlar, Kardaşlar, Moğollar və Dervişan kimi rok qrupları ilə uğurlar qazanıb.

Cem Karacanın qadınlarla arası həm yaxşı olub, həm də pis. Yaxşı olub ona görə ki, o, ömrünün müxtəlif dövrlərində dörd qadını evlənməyə razı sala bilib. Ancaq onların hamısından boşandığı üçün, deməli, heç də qadınlarla qurduğu münasibəti sona qədər saxlaya bilməyib. Maraqlısı budur ki, Cem Karacanın həyatında dörd qadın olub, ancaq beş dəfə evlənib. Onun ilk və dördüncü həyat yoldaşı eyni xanım olub.

Məşhur rokçu sol idealogiyasına yaxın olması səbəbindən bəzən vətən xainliyi ilə də günahlandırılıb. “Tamirci çırağı”, “Dadaloğlu” mahnılarında aşağı təbəqənin, işçilərin, bütün xalqın gücünə inandığını bildirib. “Protest musiqisi” onun başına çox oyun açıb.

Cem Karaca, 1979-cu ildə Londondakı dünyaca məşhur “Rainbow Arena”da konsert verməyə nail olub. 1980-ci ilin sentyabrında konsert üçün Almaniyaya gedən ifaçı uzun müddət geri qayıda bilmir. Çünki Türkiyədə baş verən 12 sentyabr hərbi çevrilişindən sonra onun ölkəyə qayıtması onun həyatı üçün təhlükəli idi. Bu dövrdə atasını itirən Cem onun cənazəsinə belə qatıla bilməyib. Daha sonra Türkiyə vətəndaşlığından çıxarılan rokçu Almaniyada sənət həyatını davam etdirib.

Ölkəsində hərbi diktatura sona çatıb, vəziyyət yaxşılaşanda 1987-ci ildə dövrün prezidenti Turqut Özalla görüşərək, onun əfv edilib, yenidən ölkəyə qayıtmaq istəyini bildirib. Prezident onun yenidən vətəndaşlıq almasına kömək edib. Özal həmçinin, onun şəxsiyyətini böyük qiymətləndirib və onun valideynlərinin mənsub olduğu azərbaycanlılar və ermənilər arasında qızışdırılan müharibəni pis qiymətləndirib.

Karacanın Türkiyəyə qayıtdığı vaxtlarda ermənilər Qarabağda təxribatlara başlayıb. Qayıdışından sonra çıxardığı ilk albom “Nerede Kalmışdık”da öz kökünə və türk qanına hörmətən “Karabağ” adlı mahnı səsləndirib.

Cem Karaca Azərbaycanı görmədən və hələ bir çox arzusuna çatmadan 2004-cü ildə – 58 yaşında bu dünyadan köçüb gedib.

Mövzuya görə xəbərlər