Ermənistanın davam edən təcavüzkar ritorikası Azərbaycanın suverenliyinə hörmətsizlik nümayiş etdirir

Ermənistanın davam edən təcavüzkar ritorikası Azərbaycanın suverenliyinə hörmətsizlik nümayiş etdirir

Bakı. TurkicWorld:

Ermənistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə məhəl qoymadan təcavüzkar bəyanatlar verməkdə davam edir.

TurkicWorld-un məlumatına görə, bu barədə Vankuverdə ATƏT Parlament Assambleyası Komitəsinin ikinci iclasında çıxış edən Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

T.Gəncəliyev Ermənistan nümayəndə heyətinin nümayəndəsinə cavab olaraq bildirib ki, Azərbaycanda beynəlxalq və daxili hüquqi qüvvəyə malik olmayan saxta coğrafi yerlərdən istifadə edilməsi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə hörmətlə bağlı ən yüksək səviyyədə bəyanatlarının Ermənistanın etdiyi əməllərlə, o cümlədən onun ATƏT PA-dakı parlament nümayəndə heyətinin hərəkətlər ilə ziddiyyət təşkil etdiyinə sübutdur.

"Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi bu ölkənin real hərəkətləri ilə ziddiyyət təşkil etməsəydi, alqışlana bilərdi. Ermənistanın atdığı addımlar Ermənistan və Azərbaycan arasında münaqişədən sonra münasibətlərin normallaşması prosesinə xələl gətirmək və Azərbaycanın suveren ərazilərində qanunsuz hərbi mövcudluğu davam etdirmək məqsədi daşıyır", - deyə deputat əlavə edib.

Millət vəkili onu da qeyd edib ki, Azərbaycan Laçın yolu ilə hərəkət üçün heç vaxt maneə yaratmayıb və Ermənistan tərəfinin qondarma "blokada" və ya "etnik təmizləmə" ilə bağlı bəyanatları yalan təbliğatdan başqa bir şey deyil.

"Azərbaycan suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan normallaşma proqramına sadiq qalır. Eyni zamanda, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyə davam edəcək", - deyə o bildirib.