Bakı. TurkicWorld:
Milli Məclisin deputatları Tural Gəncəliyev və Sevil Mikayılova Panavropa İttifaqının İspaniya komitəsinin baş katibi və Beynəlxalq panavropa İttifaqı prezidiumunun üzvü, kral Xuan Karlos adına Universitetin hüquq professoru Karlos Uriarte Sançeslə "Baku Network" platformasında müzakirə aparıblar.
TurkicWorld xəbər verir ki, Azərbaycanla İspaniya arasında ikitərəfli münasibətlər, parlamentarilər arasında qarşılıqlı əlaqələr, Avropanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair mövqeyini, enerji təhlükəsizliyini və digər məsələlər müzakirə olunub.
Milli məclisin deputatı Sevil Mikayılova siyasi arenada Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətlərindəki problemləri qeyd edib.
"Aİ ölkələrinin necə ön mühakiməli qətnamələr qəbul etdiyini görürük. Bu, müzakirə oluna biləcək daha bir məsələdir. Bu qətnamələr adətən Cənubi Qafqazdakı reallıqlarla əhəmiyyətli dərəcədə fərqlənir. Bu qətnamələrin qəbulunu müdafiə edə şəxslər haqsız olaraq Azərbaycanı baş verməmiş hadisələrdə ittiham etməyə meyllidir. İspaniya parlamentinin sonuncu qətnaməsi də istisna deyil. Bu səbəbdən avropalı tərəfdaşlarımıza və parlamentlərdəki həmkarlarımıza Cənubi Qafqazda etnik təmizləmələrin aparılmadığını izah etməyi çox vacib hesab edirik. Avropalı həmkarlarımızı məsuliyyətlə hərəkət etməyə və Azərbaycanla Ermənistan arasındakı incə məsələni nəzərə almağa çağırırıq, çünki hər iki tərəf münasibətlərin normallaşmaxı istiqamətində çalışır. Qərarlar, qətnamələr qəbul etməzdən və yaxud bəyanatlarla çıxış etməzdən əvvəl yerində reallıqlarla tanış olmaq üçün Azərbaycana nümayəndə heyəti göndərmək müdrik yanaşma olardı", - o deyib.
Bu kontekstdə professor Sançes Azərbaycan-Ermənistan məsələsində ön mühakiməli möqve tutan bir sıra avropalı parlamentarilərlə bağlı təəssüf hissi keçirdiyini bildirib.
"İspaniya parlamentini yuxarı palatası İspaniyanın müxtəlif bölgələrini təmsil edir və əhəmiyyətli rol oynamır. Haqlı olaraq qeyd olunduğu kimi, bu sənədlər adətən real vəziyyəti əsaslı şəkildə anlamadan təsdiqlənir. Bu iddialar doğru olsa idi, sözügedən qətnamə Qarabağdakı hadisələrdən ən azı bir ay əvvəl qəbul edilə bilərdi. Çox güman ki, bu, Qarabağ məsələsinin unudulmaması üçün edildi. Müxtəlif Avropa ölkələrinin parlamentlərində bu cür qətnamələri təşviq etməyə çalışan erməni lobbisi var. Cənubi Qafqaz məsələləri üzrə ekspert olaraq mən bunu təəssüfverici hal hesab edirəm", - deyə qeyd edib:
Deputat Tural Gəncəliyev Cənubi Qafqazla bağlı qərarlar qəbul edərkən dezinformasiya və saxta xəbərlərin avropalı parlamentarilərə təsir etdiyini vurğulayıb.
"Məhz bu səbəbdən biz onlarla qarşılıqlı fəaliyyət göstərməli, professorlar, həmkarlarımız və parlamentarilərlə söhbətlər aparmalıyıq. Biz onları bəzən əks-məhsuldar olan və həqiqəti əks etdirməyən qərarlar qəbul etdiklərinə inandırmaq üçün bu məsələlərin müzakirəsinə açığıq", - o deyib.
Həmçinin, Azərbaycan kimi İspaniyanın da gündəmində əsas yer tutan separatçılıq və ərazi bütövlüyü ilə əlaqədar məsələlər müzakirə olunub.
Deputat Sevil Mikayılova Azərbaycanın separatçılıqla mübarizə üzrə təcrübəsinin hələ də bənzər çağırışlarla üzləşən İspaniya üçün qiymətli nümunə ola biləcəyini qeyd edib.
"Hazırda Qarabağda yaşayan erməniəsilli əhalinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası prosesi gedir. Azərbaycanın XXI əsrdəki uğuru və zəfəri bənzər problemlərlə üzləşən ölkələr üçün nümunə ola bilər. Bu səbəbdən düşünürəm ki, müzakirələri davam etdirməli və təcrübəmizi bölüşməliyik", - deyə o əlavə edib.
Bundan başqa, Azərbaycanla Aİ arasında enerji sektorunda hazırki əməkdaşlıq müzakirə olunub.
Deputat Sevil Mikayılova Azərbaycanın Avropa ölkələri ilə xüsusən qaz tədarüklərinin diversifikasiyası sahəsindəki möhkəm tərəfdaşlıq əlaqələrinə malik olduğunu vurğulayıb. Azərbaycan Aİ ilə enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb, həmçinin digər dörd Avropa ölkəsi ilə karbohidrogen ixracına dair razılaşmalar əldə edib.
"Azərbaycan öz torpaqlarını erməni işğalından azad edərək, bərpa olunan enerji (BEM) mənbələrinin inkişafı üçün mühüm potensial kəşf edib. Azərbaycan hazırda "ağıllı" şəhər və kəndlər, "yaşıl" iqtisadiyyat konsepsiyasının yaradılması ilə bağlı layihələr üzərində işləyir. Bu, ölkəmizə Aİ-dən olan və enerji təhlükəsizliyi problemləri ilə üzləşən tərəfdaşlarına daha çox karbohidrogen ehtiyatları ixrac etmək imkanı verir. Aİ-nin bərpa olunan mənbələrdən əldə olunan enerjinin idxalının artırılması üzrə səyləri Azərbaycanın "yaşıl" enerji istehsalını artırmaq istəyi ilə tamamlana bilər. Yaxın gələcəkdə mühüm həcmdə ekoloji cəhətdən təmiz elektrik enerjisiin - "yaşıl" enerjinin Azərbaycandan Avropaya ixracının şahidi ola bilərik. İspaniya bu imkanları araşdıra bilər. İstənilən fikir ayrılığını aradan qaldırmaq üçün ölkələrimiz arasında stabil iqtisadi əməkdaşlıq olmalıdır. Fikrimcə, İspaniya hökuməti Azərbaycanla bu sahədə əməkdaşlıq təşəbbüsü ilə çıxış edə bilər", - o deyib.
Müzakirələri yekunlaşdıran professor Sançes Azərbaycanla İspaniyanın ikitərəfli əlaqələrində, xüsusən ərazi bütövlüyü məsələsində ümumi mövqeyə malik olmasının əhəmiyyətini vurğulayıb.
"Bu mühüm məsələlərdə bir-birini dəstəkləmək vacibdir. Azərbaycan suverenliyini və ərazi bütövlüyünü müvəffəqiyyətlə bərpa etdi, lakin bu məsələlər üzrə müzakirələr davam edir. Biz Azərbaycana Kataloniya məsələsində dəstəyinə görə minnətdarıq və İspaniyianın Azərbaycanı dəstəklədiyini təsdiq edirik" - deyə o sonda deyib.