Son dəqiqə

Sevil Mikayılova Tural Gəncəliyev

Azərbaycan və Monqolustan Baku Network platformasında geosiyasi və regional tərəfdaşlığı müzakirə edib

Bakı. TurkicWorld:

Milli Məclisin deputatları Tural Gəncəliyev və Sevil Mikayılova Monqolustanın sabiq xarici işlər və ticarət naziri və ATƏT Parlament Assambleyasında (ATƏT PA) Monqolustan nümayəndə heyətinin rəhbəri Damdina Tsoqtbaatarla Baku Network platformasında müzakirələr aparıblar.

TurkicWorld xəbər verir ki, layihənin qonaqları ATƏT PA-da müşahidə olunan qərəzli yanaşmanı, eləcə də BMT və Avropa Şurasının səmərəsizliyini müzakirə ediblər. Bundan başqa bütün regionda əlaqələrin möhkəmləndirilməsinin, Mərkəzi Asiya ilə əlaqələrin qurulmasının, eləcə də Azərbaycan və Monqolustanın izlədikləri siyasi trayektoriyaların öyrənilməsinin əhəmiyyəti vurğulanıb.

"Coğrafi mövqe ölkələrimiz üçün üstünlük kimi xidmət edə bilər. Özümüzü əsas kommunikasiya və logistika mərkəzi kimi təsdiqləsək, bu bizə təkcə iqtisadi səmərə gətirməyəcək, həm də strateji gücə çevriləcək. Azərbaycanı müşahidə edərkən infrastrukturun inkişafı üzrə səylərinizin, Qafqaz və Şərqi Avropanı, Mərkəzi və Cənubi Asiyanı birləşdirən mərkəzi ölkə olaraq mövqe tutduğunuzun şahidi oluram və sizin gücünüzün nədən ibarət olduğu mənim üçün anlaşılır. Siz bu perspektivə uyğun olaraq lazımi infrastrukturu aktiv şəkildə yaratmısınız və o artıq dəyərli aktiv olaraq özünü təsdiqləyib. Bizim də Monqolustanda etmək istədiyimiz məhz budur", - D.Tsoqtbaatar deyib.

Layihənin qonaqları həmçinin, qeyd ediblər ki, ATƏT PA-da, eləcə də Avropa Parlamentində həm ultrasağçı, həm də ultrasolçu siyasi ideologiyaların üstünlük təşkil etdiyi populizmin artması müşahidə olunur. Müzakirələrin sonunda belə bir nəticə əldə olundu ki, Azərbaycan və Monqolustan parlamentariləri bu ideologiyaların siyasi qərarların qəbulu prosesinə davamlı zərərli təsirini nəzərə alaraq, bu tendensiyalara qarşı müqavimət göstərməli və mübarizə aparmalıdırlar.

TurkicWorld verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırır:

Mövzuya görə xəbərlər