Bakı,TurkicWorld
Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbənin təqvimə həkk olunan mühüm günlərindən biri 25 oktyabrdır. Bu tarix Qubadlı şəhərinin işğaldan azad edilməsini, onilliklər boyu doğma yurdlarından ayrı düşmüş insanların qayıdış ümidinin gerçəyə çevrilməsini və Qarabağla Şərqi Zəngəzurda yeni inkişaf mərhələsinin başlanmasını simvolizə edir. Qubadlı şəhəri günü yalnız hərbi Qələbənin xatırlandığı tarix deyil. Bu gün həm də Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək əzminin, dövlətin quruculuq iradəsinin və dağıdılmış yurdları yenidən həyata qaytarmaq məqsədinin ifadəsidir.
Qarabağ yaylasının cənub-şərqində yerləşən, 802 kvadratkilometr ərazini əhatə edən Qubadlı təbii sərvətləri, münbit torpaqları, meşələri və kənd təsərrüfatı potensialı ilə seçilən rayonlarımızdan biridir. Həkəri və Bərgüşad çaylarının vadilərində yerləşən yaşayış məntəqələri tarixən əkinçilik və heyvandarlığın inkişaf etdiyi ərazilər olub. Taxılçılıq, üzümçülük və tütünçülük rayonun iqtisadi həyatında mühüm yer tutub. Lakin 1993-cü il avqustun 31-də Qubadlının işğal edilməsi bu inkişafı dayandırdı. Rayonun əhalisi doğma yurdlarını tərk etməyə məcbur oldu. Təqdim olunan məlumatlara əsasən, 29 997 nəfər məcburi köçkün Azərbaycanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti məskunlaşdı. İşğal nəticəsində rayonun 94 yaşayış məntəqəsi, 7 278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt və 161 mədəniyyət obyekti dağıdıldı və ya yararsız vəziyyətə salındı. Yeddi məscidin, 16 körpünün, kənd təsərrüfatı obyektlərinin, elektrik və qaz xətlərinin, su təchizatı sistemlərinin dağıdılması Qubadlının sosial-iqtisadi həyatına ağır zərbə vurdu. Bu mənzərə işğalın nəticələrinin yalnız ərazi itkisi ilə məhdudlaşmadığını göstərir. Dağıdılan evlər, fəaliyyətini dayandıran təsərrüfatlar və yararsız hala düşən infrastruktur bütöv bir rayonun həyat ritminin pozulması demək idi. Buna görə də Qubadlının azad edilməsi ilə qarşıda duran vəzifə təkcə əraziyə nəzarətin bərpası deyil, həm də normal yaşayış mühitinin yenidən qurulması idi.
2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Qubadlının azad edilməsi xüsusi əhəmiyyət daşıyırdı. Şəhərin coğrafi mövqeyi, ətraf yüksəkliklərdə qurulmuş müdafiə mövqeləri və düşmənin istehkamları əməliyyatın mürəkkəbliyini artırırdı. Azərbaycan Ordusu ilk növbədə strateji yüksəklikləri və şəhərin ətrafındakı kəndləri nəzarətə götürdü. Xanlıq, Padar və Sarıyataq istiqamətlərində əldə edilən uğurlar şəhərə doğru irəliləyiş üçün mühüm şərait yaratdı. Döyüşçülərimizin peşəkarlığı, koordinasiyalı fəaliyyəti və fədakarlığı nəticəsində oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edildi. Bu uğur Vətən müharibəsinin gedişində mühüm mərhələ oldu. Noyabrın 9-dək şəhərlə yanaşı, rayonun 41 kəndinin də azad edilməsi Qubadlıda Azərbaycanın suveren nəzarətinin bərpası istiqamətində əldə olunan nəticələri tamamladı. Qubadlının azadlığı uğrunda döyüşlərdə iştirak edən hərbçilərin qəhrəmanlığı dövlət tərəfindən də yüksək qiymətləndirildi. 2020-ci il noyabrın 26-da "Qubadlının azad olunmasına görə" medalı təsis edildi. Təqdim olunan məlumatlara əsasən, 15 209 hərbi qulluqçu bu medalla təltif olunub. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən edildi. Bununla tarixi Qələbənin əhəmiyyəti dövlət səviyyəsində əbədiləşdirildi.
Qubadlının azad olunmasından sonra qarşıda duran əsas vəzifələrdən biri ərazinin iqtisadi potensialının bərpası, müasir infrastrukturun qurulması və əhalinin doğma torpaqlarına qayıdışı üçün şəraitin yaradılmasıdır. Bu istiqamətdə görülən işlər göstərir ki, bərpa prosesi yalnız dağıdılmış obyektlərin yenidən tikilməsi ilə məhdudlaşmır. Məqsəd gələcək inkişafın tələblərinə cavab verən yaşayış və iqtisadi mühit yaratmaqdır. 2025-ci il sentyabrın 9-da Nazirlər Kabineti tərəfindən Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi bu baxımdan mühüm addımdır. Baş plan şəhərin uzunmüddətli inkişafının planlı şəkildə həyata keçirilməsi üçün əsas yaradır. İşğaldan əvvəl rayonun enerji tələbatı 12 meqavat olduğu halda, gələcəkdə 47 mindən çox insanın məskunlaşmasının proqnozlaşdırıldığı Qubadlıda 2040-cı il üçün elektrik enerjisinə tələbatın 38 meqavatı ötəcəyi gözlənilir. Bu fərq şəhərin qarşıdakı illərdə daha geniş yaşayış, iqtisadi və sosial fəaliyyət məkanına çevrilməsinin gözlənildiyini göstərir. 2021-ci il oktyabrın 25-də 110/35/10 kilovoltluq "Qubadlı" yarımstansiyasının istifadəyə verilməsi enerji infrastrukturunun bərpasında mühüm mərhələ oldu. Bununla yanaşı, 76 kilometr uzunluğunda ikidövrəli yüksəkgərginlikli elektrik verilişi xətlərinin çəkilməsi və fiberoptik kabel infrastrukturunun qurulması rayonun həm enerji təminatını, həm də rəqəmsal bağlantı imkanlarını gücləndirdi. Şəhərin yaşayış infrastrukturunun qurulması da davam edir. Qubadlıda ilk yaşayış məhəlləsinin tikintisinə başlanılıb. Ümumi sahəsi 3,34 hektar olan ərazidə 21 binanın və 176 mənzilin inşası nəzərdə tutulub. Layihənin əhəmiyyəti yalnız yeni binaların tikintisi ilə ölçülmür. Yaşayış məhəllələri doğma yurda qayıdacaq insanların gündəlik həyatının, sosial münasibətlərinin və icma mühitinin yenidən formalaşması üçün əsasdır. Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulması da Böyük Qayıdışın mühüm istiqamətlərindəndir. Mahruzluda birinci mərhələdə 190 evin tikintisi və 836 sakinin məskunlaşdırılması, Zilanlıda isə 159 evin inşası və ilkin mərhələdə 772 nəfərin yerləşdirilməsi nəzərdə tutulur. Bu layihələr kənd yaşayış məntəqələrinin də rayonun gələcək inkişafında öz yerini qoruyacağını göstərir.
Qubadlının gələcək inkişafı üçün nəqliyyat əlaqələrinin gücləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi rayonun bir sıra kəndləri arasında əlaqələrin yaxşılaşdırılmasına, ərazilərin əlçatanlığının artırılmasına və iqtisadi fəaliyyətin genişlənməsinə xidmət edir. Uzunluğu 28,5 kilometr olan yol iki zolaqlı inşa edilir. 2023-cü il sentyabrın 5-də yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı sərəncamın imzalanması da regiondaxili nəqliyyat əlaqələrinin inkişafına yönəlib. Bu cür layihələr Qubadlının təkcə yaşayış məntəqəsi kimi deyil, Qarabağ və Şərqi Zəngəzur arasında əlaqələrin gücləndirilməsində iştirak edən ərazi kimi inkişafı baxımından əhəmiyyətlidir. Rayonun təbii sərvətləri və kənd təsərrüfatı potensialı gələcək iqtisadi inkişaf üçün əlavə imkanlar yaradır. Münbit düzənliklər, meşə ehtiyatları, çay şəbəkəsi və müxtəlif faydalı qazıntı yataqları düzgün planlaşdırma və ekoloji tarazlığın qorunması şərtilə iqtisadi fəaliyyətin genişləndirilməsinə töhfə verə bilər. Bununla belə, bu potensialın real iqtisadi nəticələrə çevrilməsi üçün infrastrukturla yanaşı, istehsal, məşğulluq və xidmət sahələrinin də inkişafı vacibdir.
Qubadlıda aparılan bərpa və quruculuq işlərinin əsas nəticəsi gələcəkdə insanların öz doğma yurdlarında təhlükəsiz və layiqli həyat sürməsi ilə ölçüləcək. Yeni mənzillər, yollar, enerji xətləri və sosial obyektlər bu məqsədə çatmaq üçün zəruri şərtlərdir. Lakin dayanıqlı qayıdış üçün iş yerlərinin yaradılması, təhsil və səhiyyə xidmətlərinin əlçatanlığı, kənd təsərrüfatının və sahibkarlığın inkişafı da eyni dərəcədə əhəmiyyətlidir. Qubadlı şəhəri günü bu mənada həm keçmişin ağrılı xatirəsini, həm də gələcəyə yönəlmiş dövlət və cəmiyyət məsuliyyətini özündə birləşdirir. 25 oktyabr Azərbaycan Ordusunun qəhrəmanlığını və tarixi Qələbəsini xatırlatmaqla yanaşı, azad edilmiş ərazilərin bərpasının uzunmüddətli və ardıcıl proses olduğunu da göstərir. Qubadlının qarşısında duran əsas vəzifə işğalın izlərini silməklə kifayətlənməmək, burada müasir yaşayış mühiti, dayanıqlı iqtisadiyyat və güclü sosial infrastruktur yaratmaqdır. Bu məqsədə nail olunduqca Qubadlı yalnız azad edilmiş şəhər kimi deyil, həyatın yenidən canlandığı, insanların qayıtdığı və yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan şəhəri kimi tarixə düşəcək.
Sevil Mikayılova
Milli Məclisin deputatı





