Bakı. TurkicWorld:
Milli Məclisin deputatları Tural Gəncəliyev və Sevil Mikayılova "Baku Network" platforması çərçivəsində Avropa Parlamentinin üzvü Tomaş Zdexovski ilə müzakirələr aparıblar.
TurkicWorld xəbər verir ki, müzakirələrdə Mərkəzi Asiyanın Avropa İttifaqı (Aİ) ilə münasibətlərində cari hadisələrlə bağlı mövzulara toxunulub.
Daha sonra bu münasibətlərin inkişafında Cənubi Qafqazın həlledici rolu, Azərbaycan-Aİ əlaqələri üçün imkanlar və Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi müzakirə olunub.
Sevil Mikayılova Mərkəzi Asiya və Aİ arasında əməkdaşlığı Cənubi Qafqaz olmadan nəzərdən keçirməyin mümkünsüzlüyünü vurğulayıb.
"İnanırıq ki, Mərkəzi Asiya və Aİ arasında münasibətlərdə Cənubi Qafqazın konstruktiv rolu son nəticədə prosesin bütün iştirakçılarına real fayda gətirəcək. Biz Mərkəzi Asiya ilə çox səmərəli münasibətlər qurmuşuq. Hazırda, həmçinin, Aİ tərəfindən böyük dəstək görən layihə olan Orta Dəhlizə dəstək üçün əlverişli kommunikasiya xətlərinin inşası prosesindəyik. Zəngin resurslara malik Mərkəzi Asiya Aİ iqtisadiyyatına real fayda gətirə bilər. Bu kommunikasiya isə, əlbəttə ki, Cənubi Qafqazdan keçəcək və Azərbaycan burada mərkəzi yer tutur", - o deyib.
T.Zdexovski Azərbaycanın Mərkəzi Asiya-Aİ münasibətlərində sadəcə əsas oyunçu deyil, həm də Avropanın özü üçün faktiki olaraq strateji tərəfdaş olduğu ilə razılaşıb.
"Azərbaycan kimya sənayesi və təbii sərvətlər kim müxtəlif sahələrdə mühüm potensiala malikdir. Lakin fikrimcə, daha çox potensial turizm sektorunda mövcuddur. İqtisadi münasibətlərimizi üçqat gücləndirmək imkanımız var. Azərbaycan bir sıra Aİ ölkələri üçün strateji tərəfdaşdır və Azərbaycan-Çexiya münasibətləri də olduqca səmərəlidir. Aİ Azərbaycanla sabit və uzunmüddətli əməkdaşlığa çalışır.
Qeyd olunmalıdır ki, biz Azərbaycanla qaz tədarükləri sahəsində daha sıx əməkdaşlığa can atarkən Azərbaycan birinci yer tutdu. Bizim üçün sabitliyin əhəmiyyətini vurğulamaqla Azərbaycanla uzunmüddətli saziş imzalamaq son dərəcə vacibdir", - deyə o qeyd edib.
Trend BİA verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırır: