Estoniyanın keçmiş XİN başçısı Azərbaycana qarşı qərəzli yanaşmasını davam etdirib - Tural Gəncəliyev

Estoniyanın keçmiş XİN başçısı Azərbaycana qarşı qərəzli yanaşmasını davam etdirib - Tural Gəncəliyev

Bakı. TurkicWorld:

Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri ilə iş üzrə parlament-əməkdaşlıq komitəsinin həmsdəri olan, Estoniyanın keçmiş xarici işlər naziri Marina Kalurant özünün "X" sosial media hesabında ölkəmizə qarşı böhtan, təhqir elemnetləri olan paylaşım edib.

Bu barədə TurkicWorld-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib .

"Parlament-əməkdaşlıq komitəsinin Azərbaycan parlamentindən olan nümayəndəsi kimi buna cavab verməliyəm. Azərbaycan üzrə də parlament-əməkdaşlıq komitəsinin həmsdəri olan bu şəxs son illər ərzində bu vəzifəyə təyin olunduqdan bu yana bir dəfə də olsun Azərbaycana səfər etməyib. Hər zaman ölkəmizə qarşı böhtan xarakterli bəyanatların, qətnamələrin qəbul edilməsi ilə məşğul olub. Biz dəfələrlə M.Kalurantı Azərbaycana səfərə dəvət etmişik və qeyd etmişik ki, gəlsin, öz gözləri ilə regionda olan vəziyyəti görüb, sonra qiymətləndirsin. Azərbaycana heç səfər etməyən şəxs necə olur ki, ölkəmiz haqqında danışa bilər. O regiona səfər edibsə, dəfələrlə Ermənistana, Gürcüstana gedibsə, bir dəfə də əziyyət çəkib Azərbaycana gəlməlidir. Ancaq bu arqumentlərə baxmayaraq, heç bir zaman cavab verə bilməyən M.Kalurant ölkəmizə qarşı qərəzli yanaşmasını davam etdirib. O həmçinin, sosial media hesabında qeyd edib ki, əgər Azərbaycan Avropa İttifaqının tərəfdaşı olmağı istəyirsə, onun iqtisadi, etibarlı tərəfdaş kimi davranışı müvafiq olmalıdır. O, bu paylaşımı AŞPA-da Azərbaycan nümayəndə heyətinin mandatanının dayandırılması ilə bağlı məlumatı paylaşaraq söyləyib", - deyə o, əlavə edib.

T.Gəncəliyev vurğulayıb ki, birincisi Avropa Parlamentinin parlamentlərarası əməkdaşlıq komitəsinin həmsdəri kimi onun heç bir hüquqi yoxdur ki, Azərbaycan- Avropa İttifaqı iqtisadi münasibətləri haqqında danışsın.

"Ona görə də ilk gündən Ermənistanın lobbisti olan, Qarabağın işğal dövründə hüquqları pozulan bir milyona yaxın qaçqın və məcburi köçkünlərin hüquqları haqqında danışmayan, dəfələrlə Azərbaycana səfər təklifini rədd edən bir şəxsin Azərbaycan- Avropa İttifaqı iqtisadi münasibətlərini şərh eləmək cəhdləri qəbuledilməzdir. Təəssüflər olsun ki, Avropa Parlamentində belə populist siyasətçilərin və bəyanatların artdığı görülür", - deyə o,qeyd edib.