Bakı, TurkicWorld:
Xaricdə yaşayan Türkiyə vətəndaşlarının 30 faizdən çoxu mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri üçün səsvermədə iştirak edib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Ədalət və İnkişaf Partiyasının YSK nümayəndəsi Recep Özel öz rəsmi sosial media hesabında bildirib.
O qeyd edib ki, artıq səsvermədə 1 milyondan çox insan iştirak edib və Almaniya, Avstriya, Fransa, Hollandiya, Lüksemburqda əlavə seçki qutuları qurulacaq.
Məlumata əsasən, mayın 9-da səsvermə prosesi yekunlaşacaq.
Qeyd edək ki, xaricdə yaşayan Türkiyə vətəndaşlarının səsvermə prosesi aprelin 27-də başlayıb.
Qeyd edək ki, ümumilikdə 64 milyon 113 min 941 nəfər səsvermədə iştirak edəcək ki, bunlardan 3 milyon 416 min 98 nəfəri xaricdə yaşayır.
Xaricdə yaşayan seçicilərin 1 milyon 595 min 158-i qadın seçicilərdir və bu da xaricdəki seçici sayının 46,70 faizinə bərabərdir. Bundan başqa, kişi seçicilərin sayı 1 milyon 820min 940 nəfər təşkil edir ki, bu da seçicilərin 53.30 faizini təşkil edir.
Məlumat üçün bildirək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan və Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.
Türkiyədə millətvəkili namizədlərinin siyahısı aprelin 9-da Ali Seçki Şurasına (YSK) təqdim edilib.
Ləman Əsədli