Türkiyənin yerli istehsal avtomobili TOGG Ərdoğana bazarertəsi günü təqdim ediləcək

Türkiyənin yerli istehsal avtomobili TOGG Ərdoğana bazarertəsi günü təqdim ediləcək

Bakı, TurkicWorld:

Türkiyənin yerli istehsal avtomobili TOGG ilk sifarişi edən ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana bazarertəsi günü təqdim ediləcək.

TurkicWorld-un AzerPress-ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank bildirib.

Məlumat üçün bildirək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

TOGG-un elektrik krossover SUV C seqmentinin və elektrik sedanın prototipləri 2019-cu ilin dekabrında təqdim edilib.

Bu ilin 14 mart tarixində Türkiyənin ilk yerli istehsal elektrikli avtomobili TOGG-un qiymətləri açıqlanıb.

“TX10” adı daşıyan avtomobilin başlanğıc dəyəri 953 min lirədir, TOGG transmissiyaya görə, üç fərqli model təklif edib.

V1 RWD Standart avtomobilin qiyməti 953 min lirə, V2 RWD Standart avtomobilin qiyməti 1 milyon 55 min lirə, V2 RWD Uzun mənzilli avtomobilin qiyməti 1 milyon 215 min lirədir.

TOGG elektrikli avtomobilinin enerji qiyməti 180 kVt və 300 kVt-lıq stansiyalarda bir kVt/saata 7,99 TL təşkil edir.