Könüllülərimiz zəlzələ bölgələrində 5 mindən çox zərərçəkmiş vətəndaşımıza kömək edib - Türkiyə Gənclik Vəqfi

Könüllülərimiz zəlzələ bölgələrində 5 mindən çox zərərçəkmiş vətəndaşımıza kömək edib - Türkiyə Gənclik Vəqfi

Bakı. TurkicWorld:

Türkiyə Gənclik Vəqfi (TÜGVA) olaraq minlərlə könüllümüzlə birlikdə Türkiyənin hər yerində zəlzələdən zərərçəkmiş vətəndaşlarımıza yardım çatdırırıq.

TurkicWorld-un məlumatına görə, bunu AzerPress-ə özəl açıqlamasında Türkiyənin Gənclik Vəqfinin kommunikasiya meneceri Sevda Keskin bildirib.

“20 min nəfərlik könüllü qruplarımız 19 gündür istər zəlzələdən zərərçəkmiş bölgələrdə , istərsə də yardım toplama mərkəzlərində fəaliyyət göstərir. Türkiyənin hər yerindən, şəhər və vilayətlərimizdən zəlzələ bölgələrinə 2 min yük maşını ilə birlikdə içərisində adyal, quru qida, geyim, gigiyenik vasitələr, elektronik əşyalar, qızdırıcılar, çadırlar, papaq və şərf dəstləri, uşaq qidaları olan 900 min bağlama çatdırılıb” – deyə o qeyd edib.

Keskin əlavə edib ki, zəlzələnin ilk günündən Kahramanmaraş, Hatay, Adıyaman ve Malatyada “TÜGVA Dəstək Mərkəzi” qurulub.

“Yardım mərkəzlərinə gəlmə imkanı olmayan vətəndaşlar üçün Hatay, Adıyaman, Maraş, Malatya və Osmaniyədə 45 “TÜGVA Dəstək Mobil Marketi” fəaliyyətə başlayıb. Bu addımla 5 min 330 ailənin ehtiyacı ödənilib” – deyə o vurğulayıb.

O qeyd edib ki, zəlzələ zonasının ətrafında yerləşən Sivas, Kayseri, Adana, Konya, Trabzon, Qars, Antalya, Sinop, Samsun və Kastamonuda yerləşən yeddi TÜGVA Yataqxanalarında hal-hazırda 2490 nəfər yerləşdirilib.

“Kahramanmaraşda zəlzələdən zərərçəkmiş əhali üçün qurduğumuz “Gigiyena məntəqələri” və “Əczaçılıq çadırı” zəlzələ qurbanlarının əsas ehtiyaclarını qarşılamağa davam edir. Mobil mətbəximizdə göstərdiyimiz xidmətlə Kahramanmaraşda zəlzələ qurbanlarına gündə üç dəfə isti yemək verilir” – deyə Keskin bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Ötən axşam isə Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.

Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 44 min 374 nəfərə çatıb.