BAKI,TurkicWorld Orxan Qədirzadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 Avqust Zəfər Bayramının 104-cü ildönümü münasibətilə müraciət yayıb.
Ərdoğan mesajında 30 Avqust Zəfərinin Türkiyənin müstəqilliyini və ərazi bütövlüyünü təsdiqləyən tarixi qələbə olduğunu bildirib. O, Türkiyənin qarşıya qoyduğu hədəflərə birlik və həmrəylik şəraitində doğru irəlilədiyini vurğulayıb.
Prezident qeyd edib ki, Türkiyə enerji, müdafiə sənayesi, elm və texnologiya, eləcə də xarici siyasət sahələrində əldə etdiyi uğurlarla inkişafını davam etdirir.
Ərdoğan dünyada müharibə, münaqişə, böhran və siyasi qeyri-müəyyənliyin artdığı bir dövrdə Türkiyənin prinsipial və humanist siyasət yürütməyə davam etdiyini bildirib.
“Bu gün zülm kimin tərəfindən gəlməsindən asılı olmayaraq onun qarşısını almağa, məzlum kim olursa-olsun ona sahib çıxmağa çalışan və lazım gəldikdə bunun uğrunda bədəl ödəməkdən çəkinməyən Türkiyə var”, – deyə Ərdoğan bildirib.
Türkiyə lideri ölkəsinin sülh, ədalət, hüquq və sabitliyin tərəfdarı olduğunu vurğulayaraq, heç bir təxribatın Türkiyəni öz mübarizəsindən uzaqlaşdıra bilməyəcəyini qeyd edib.
Ərdoğan müraciətinin sonunda 30 Avqust Zəfərinin baş komandanı Mustafa Kamal Atatürkü və silahdaşlarını ehtiramla yad edib, şəhidlərə rəhmət, qazilərə təşəkkürünü çatdırıb.







