Son dəqiqə

Azərbaycan Türkiyə Diasporla İş üzrə Dövlət Komitəsi Ədalət və İnkişaf Partiyası Fuad Muradov Kürşad Zorlu Azərbaycan Evləri diaspora

Azərbaycan və Türkiyə diaspor əməkdaşlığının perspektivlərini müzakirə edib

BAKI,TurkicWorld

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini, millət vəkili və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin sədri Kürşad Zorlu ilə görüşüb. Görüşdə idarənin sədr müavini Temel Akyürək və Beynəlxalq Demokratlar Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Cengiz Aygör də iştirak ediblər.

TurkicWorld xəbər verir ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında diaspor sahəsində əməkdaşlığın mövcud vəziyyəti, birgə təşəbbüslərin genişləndirilməsi və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Fuad Muradov Dövlət Komitəsinin beynəlxalq miqyasda həyata keçirdiyi layihələr barədə məlumat verərək Azərbaycan-Türkiyə münasibətlərinin tarixi köklərə, qarşılıqlı etimada və möhkəm dostluq prinsiplərinə əsaslandığını bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində mühüm rol oynayıb. Bu əməkdaşlığın diaspor fəaliyyətini də əhatə etdiyi vurğulanıb.

Görüşdə Azərbaycanın xaricdə tanıdılması, milli-mədəni dəyərlərin təbliği, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların bir araya gətirilməsi və diaspor fəaliyyətinin əlaqələndirilməsi istiqamətində görülən işlərdən danışılıb.

Hazırda dünyanın 21 ölkəsində 33 Azərbaycan Evinin fəaliyyət göstərdiyi bildirilib. Türkiyədə yerləşən Azərbaycan Evlərinin də burada yaşayan azərbaycanlıların bir platforma ətrafında birləşdirilməsinə, milli-mədəni irsin qorunmasına və Azərbaycan-Türkiyə əlaqələrinin gücləndirilməsinə töhfə verdiyi qeyd olunub.

Kürşad Zorlu isə türk dövlətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin və ortaq təşəbbüslərin sayının artırılmasının vacibliyini vurğulayıb.

O, müasir rəqəmsal texnologiyaların xaricdə yaşayan soydaşların daha çevik şəkildə əlaqələndirilməsi üçün geniş imkanlar yaratdığını bildirib. Zorlunun sözlərinə görə, vahid rəqəmsal platformalardan istifadə diaspor təşkilatları arasında məlumat mübadiləsini sürətləndirə və müxtəlif ölkələrdə yaşayan soydaşların ortaq məqsədlər ətrafında əməkdaşlığını gücləndirə bilər.

Görüşün sonunda diaspor sahəsində gələcək birgə layihələrə dair təkliflər səsləndirilib və real əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Mövzuya görə xəbərlər