Son dəqiqə

Azərbaycan Türkiyə Azərbaycan nefti Azeri Light CIF NeftQiymətləri

Azərbaycan nefti ucuzlaşıb

BAKI,TurkicWorld

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 1,07 ABŞ dolları və ya 0,88% ucuzlaşaraq 121,08 ABŞ dollarına enib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,12 dollar və ya 0,96% ucuzlaşaraq 115,50 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,49 dollar və ya 3,98% azalaraq 84,21 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,99 dollar və ya 0,78% azalaraq 125,47 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

"Trading Economics"in məlumatına görə, cümə günü xam neftin qiyməti 101 dollar/barel səviyyəsinə doğru geriləyərək ardıcıl üçüncü sessiyada ucuzlaşıb. Bildirilib ki, buna Yaxın Şərqdə təchizatın pozulması ilə bağlı narahatlıqların azalması, həmçinin münaqişəyə son qoymaq və enerji axınlarını bərpa etmək məqsədilə diplomatik səylərin yenilənəcəyinə dair ümidlərin artması səbəb olub.

"Səudiyyə Ərəbistanı Şərq-Qərb neft kəmərinin gücünün təxminən yarısını bir neçə gün ərzində bərpa etməyi hədəfləyir. Kəmərin tam gücü ilə fəaliyyətinin isə altı həftə ərzində bərpa olunacağı gözlənilir. Bu müddətdə krallıq xam neft ixracının bir hissəsini Hörmüz boğazı vasitəsilə yönləndirir.

Bu məqsədlə xüsusi daşıyıcı gəmilər xam nefti Hörmüz boğazından keçirərək boğazın xaricində gözləyən tankerlərə yükləyir. Bu üsul tankerlərin mümkün İran hücumlarına məruz qalma riskini məhdudlaşdırır.

Məlumatlara görə, Səudiyyə Ərəbistanının müraciətindən sonra Çin İranı husi silahlılarının fəaliyyətinin məhdudlaşdırılmasına kömək etməyə çağırıb. Bu çağırış husilərin Səudiyyə Ərəbistanının enerji infrastrukturuna hücumlarını intensivləşdirdiyi bir vaxtda səsləndirilib.

Bu arada, Prezident Donald Tramp gələn həftə Nyu-Yorkda Körfəz ölkələrinin liderləri ilə görüşdən əvvəl İrana qarşı hücumların bərpa edilib-edilməyəcəyini nəzərdən keçirdiyini bildirib", - məlumatda qeyd edilib.

Mövzuya görə xəbərlər