Son dəqiqə

Azərbaycan Türkiyə Əhliman Əmiraslanov Firudin Qurbanov Türkiyə-Azərbaycan Universiteti Nəcibə Nəsibova Rafiq Quluyev

Türkiyə-Azərbaycan Universitetində Bilik Günü tədbiri keçirilib

BAKI,TurkicWorld

Türkiyə-Azərbaycan Universitetində (TAU) Bilik Gününə və 2026/2027-ci tədris ilinin başlanmasına həsr olunmuş tədbir keçirilib. Mərasimdə Azərbaycan və Türkiyənin dövlət və təhsil nümayəndələri, millət vəkilləri, universitet rəhbərliyi, müəllimlər və tələbələr iştirak ediblər.

TurkicWorld xəbər verir ki, tədbirin əvvəlində universitetin foyesində Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirəsinə ehtiram ifadə olunub. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Türkiyə-Azərbaycan Universitetinin iki ölkə arasındakı strateji əməkdaşlığın nəticəsi olduğunu bildirib. Onun sözlərinə görə, universitetdə gələcəkdə Azərbaycan üçün peşəkar və beynəlxalq səviyyəli mütəxəssislər hazırlanacaq.

TAU-nun rektoru, dosent Nəcibə Nəsibova professor-müəllim heyətini və tələbələri yeni tədris ili münasibətilə təbrik edib. O bildirib ki, Azərbaycan və Türkiyə prezidentlərinin təşəbbüsü ilə yaradılan universitet gənclərə ölkədən kənara getmədən Türkiyənin Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universitetinin akademik təcrübəsindən yararlanmaq imkanı verir.

Rektorun sözlərinə görə, TAU gələcəkdə yalnız yüksəkixtisaslı mütəxəssislər hazırlayan ali təhsil müəssisəsi deyil, Azərbaycan və Türkiyənin elm, innovasiya və texnologiya sahələrində əməkdaşlığını dərinləşdirən mühüm mərkəzə çevrilməyi hədəfləyir.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov universitetlərin inkişaf etmiş ölkələrin əsas aparıcı qüvvələrindən biri olduğunu vurğulayıb. O, TAU kimi strateji və beynəlxalq səviyyəli universitetin yaradılmasının Azərbaycanın gələcək inkişafı baxımından əhəmiyyətini qeyd edib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva isə qida təhlükəsizliyi sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün TAU ilə əməkdaşlığa hazır olduqlarını bildirib.

Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan TAU-nu iki ölkənin gələcək onilliklərə hesablanmış ortaq layihəsi kimi qiymətləndirib. O, Türkiyə və Azərbaycanın akademik təcrübəsinin birləşdirilməsinin yalnız keyfiyyətli təhsil deyil, eyni zamanda birgə elmi biliklərin yaradılması üçün imkan açdığını vurğulayıb.

Milli Məclisin deputatları Əhliman Əmiraslanov və Zahid Oruc çıxışlarında Azərbaycan-Türkiyə münasibətlərinin təhsil sahəsində inkişafından və TAU-nun bu əməkdaşlıqdakı rolundan danışıblar.

Tədbirdə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Hüseyn Büyükfırat və TAU-nun kompüter mühəndisliyi proqramının rəhbəri professor Ahmet Coşar da tələbələri təbrik edərək onlara təhsildə uğurlar arzulayıblar.

Universitetə qəbul zamanı ən yüksək nəticə göstərən sənaye mühəndisliyi ixtisasının tələbəsi Fatimə Hacıməmmədli 667,5 balla fərqlənib. O, çıxışında TAU-nun tələbələrə nəzəri biliklərlə yanaşı, praktiki təcrübə, elmi araşdırma və yenilikçi düşüncə imkanları yaratdığını bildirib.

Tədbirin sonunda Fatimə Hacıməmmədli, kompüter mühəndisliyi ixtisasına 647,2 balla qəbul olunan Ayxan Əhmədov və qida mühəndisliyi ixtisasına 562,4 balla qəbul olunan Xədicə Nəzərova müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu 2024-cü il fevralın 19-da Ankarada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalanıb.

Mövzuya görə xəbərlər