Son dəqiqə

Nobel Sülh Mükafatı Fizika qanunları Nobel mükafatı Nobel Fondu Sülh mükafatı

Nobel mükafatının pul məbləği artırılıb - hər laureata 1,22 milyon dollar veriləcək

BAKI,TurkicWorld

İsveç Nobel Fondu bu il Nobel mükafatlarının maliyyə dəyərinin artırıldığını açıqlayıb. Yeni qərara əsasən, altı kateqoriyanın hər biri üzrə qalibə veriləcək mükafatın məbləği 12 milyon İsveç kronuna, yəni təxminən 1,22 milyon dollara çatdırılıb.

TurkicWorld xəbər verir ki, Nobel Fondunun icraçı direktoru Hanna Ştyarne açıqlamasında bildirib ki, mükafat məbləğinin artırılması Nobel mükafatının uzunmüddətli əhəmiyyətinin qorunmasına və maliyyə hissəsinin zamanla dəyərini saxlamasına xidmət edir.

Fondun məlumatına görə, Alfred Nobelin vəsiyyəti əsasında yaradılan mükafatlar ilk dəfə 1901-ci ildə təqdim edilərkən hər kateqoriya üzrə 150 782 İsveç kronu təşkil edib.

Nobel mükafatları fizika, kimya, sülh, ədəbiyyat, iqtisadiyyat və tibb sahələri üzrə təqdim olunur. Bu il laureatların adları oktyabrın 5-dən 12-dək açıqlanacaq.

Cari il mükafatların ilk dəfə təqdim edilməsinin 125-ci ildönümünə təsadüf edir. Nobel Fondu Alfred Nobelin mirasının idarə olunmasına və illik mükafatların maliyyələşdirilməsinin təmin edilməsinə cavabdehdir.

Nobel mükafatları 19-cu əsrdə yaşamış isveçli ixtiraçı və sənayeçi Alfred Nobelin vəsiyyəti əsasında təsis edilib və elm, ədəbiyyat, sülh və iqtisadiyyat sahələrində ən nüfuzlu beynəlxalq mükafatlardan biri hesab olunur.

Mövzuya görə xəbərlər