BAKI,TurkicWorld Orxan Qədirzadə
Enerjidə tam müstəqillik strategiyasını həyata keçirməyə davam edən Türkiyə bərpa olunan enerji sahəsində növbəti mühüm mərhələyə qədəm qoyur. İyunun 3-də Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən 2025-ci il ərzində tikintisi başa çatdırılan və istismara verilən enerji obyektlərinin rəsmi açılış mərasimi keçiriləcək.
Açılışı nəzərdə tutulan layihələr günəş, külək, geotermal və hidroenerji sahələrini əhatə edir. Ümumi investisiya dəyəri 6 milyard dollar olan obyektlərin ümumi gücü 8 min 200 meqavat təşkil edir.
Mütəxəssislərin qiymətləndirməsinə görə, bu göstərici Türkiyənin enerji tarixində ən böyük toplu açılışlardan biri kimi qeydə alınacaq. Müqayisə üçün qeyd edilir ki, Türkiyənin ilk atom elektrik stansiyası olan Akkuyu Atom Elektrik Stansiyası tam gücü ilə fəaliyyətə başladıqda 4 min 800 meqavat enerji istehsal edəcək. Ölkənin ən böyük hidroenerji qurğularından biri olan Atatürk Su Anbarı 2 min 400 meqavat, Keban Su Anbarı isə 1 min 330 meqavat gücə malikdir.
Beləliklə, istifadəyə veriləcək yeni obyektlərin ümumi gücü Türkiyənin ən iri enerji layihələrinin göstəricilərini geridə qoyaraq rekord səviyyəyə yüksəlir.
Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, ölkədə elektrik enerjisi üzrə quraşdırılmış güc sürətlə artır və bu artımın əsas hissəsini bərpa olunan enerji mənbələri təşkil edir.
Nazirin sözlərinə görə, cari ilin aprel ayının sonuna olan məlumata əsasən günəş enerjisinin quraşdırılmış gücü 26 min 769 meqavata çataraq ümumi enerji gücünün 21,3 faizini təşkil edib. Külək enerjisi üzrə quraşdırılmış güc isə 15 min 75 meqavata yüksələrək ümumi portfeldə 12 faiz pay əldə edib.
Beləliklə, günəş və külək enerjisi mənbələrinin ümumi gücü 41 min 844 meqavata çatıb və ölkənin ümumi elektrik istehsalı gücünün təxminən üçdə birini təşkil edib.
Alparslan Bayraktar vurğulayıb ki, bərpa olunan enerji layihələri Türkiyənin 2035-ci il üçün müəyyən etdiyi xalis sıfır emissiya hədəflərinə çatmasında mühüm rol oynayır. O qeyd edib ki, son 13 ildə günəş enerjisi sahəsində sıfır göstəricidən 26 min 769 meqavatlıq gücə qədər yüksəliş əldə olunub.
Türkiyə qarşıdakı illərdə bu sahədə daha böyük hədəflər müəyyənləşdirib. Rəsmi strategiyaya əsasən, ölkə 2035-ci ilə qədər günəş və külək enerjisi üzrə quraşdırılmış gücü 120 min meqavatdan yuxarı səviyyəyə çatdırmağı planlaşdırır. Bu məqsədlə ümumi dəyəri 80 milyard dollar olan genişmiqyaslı investisiya və islahat proqramı həyata keçirilir.
Eyni zamanda, dünya iqlim siyasətinin gələcək istiqamətlərini müəyyənləşdirəcək mühüm beynəlxalq tədbirlərdən biri olan BMT İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransı COP31 də bərpa olunan enerji sektorunun inkişafı baxımından mühüm mərhələ hesab edilir. Tədbirdə 190-dan çox ölkədən 100 mindən artıq nümayəndənin iştirakının gözlənildiyi bildirilir.
Ekspertlər hesab edirlər ki, Türkiyənin son illərdə həyata keçirdiyi enerji siyasəti ölkənin idxal olunan enerji resurslarından asılılığının azaldılması, enerji təhlükəsizliyinin gücləndirilməsi və yaşıl iqtisadiyyata keçid prosesinin sürətləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.





