BAKI,TurkicWorld, Nailə Babazadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Tufan Ərhürman ilə Prezident Administrasiyasının Dolmabağça İşçi Ofisində görüşüb.
TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən verilən məlumata görə, görüşdə Türkiyə-ŞKTR ikitərəfli münasibətləri və regional məsələlər ətraflı müzakirə olunub.
Prezident Ərdoğan görüş zamanı İrandakı müharibə bəhanəsi ilə bəzi Avropa ölkələrindən Ada istiqamətinə göndərilən hərbi ünsürlərin qalıcı olmamalı olduğunu vurğulayıb. O, Türkiyənin ŞKTR-in müdafiəsi üçün hər bir addımı atmağa hazır olduğunu bildirərək, bu günə qədər olduğu kimi, bundan sonra da Kipr türklərinin hüquq və mənafelərinin tapdalanmasına əsla icazə verilməyəcəyini bəyan edib.
Görüşdə Prezident Ərdoğanı Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Kommunikasiya idarəsinin rəhbəri Burhanettin Duran, Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç və Prezidentin baş müşaviri Zafer Çubukçu müşayiət ediblər.







