BAKI, TurkicWorld
Türkiyənin Milli Müdafiə Nazirliyi Türk Silahlı Qüvvələrinin arsenalına yeni hərbi texnikaların daxil edildiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, Hərbi Hava Qüvvələrinin istifadəsinə daha bir SİPER-1 uzun mənzilli hava hücumundan müdafiə sistemi batareyası qəbul edilib.
Bununla da silahlı qüvvələrin arsenalında bu tip sistemlərin sayı ən azı üçə çatıb.
Eyni zamanda müəyyən sayda AKSUNGUR pilotsuz uçuş aparatı və CATS elektro-optik/infraqırmızı müşahidə sisteminin qəbul və yoxlama prosesinin başa çatdığı bildirilib.
SİPER hava hücumundan müdafiə sistemi hava məkanının idarə olunması, hədəflərin aşkarlanması və zərərsizləşdirilməsi imkanları ilə seçilir. Sistem çoxsaylı hədəflərə qarşı eyni anda fəaliyyət göstərə bilir və 70 kilometrdən artıq məsafədə qarşısını alma qabiliyyətinə malikdir.
AKSUNGUR pilotsuz uçuş aparatı isə kəşfiyyat, müşahidə və zərbə tapşırıqlarını yerinə yetirə bilir. Uzun müddət havada qalma imkanına malik olan aparat müxtəlif silah və müşahidə avadanlıqları ilə təchiz olunur.
CATS sistemi isə yüksək keyfiyyətli görüntü əldə etməyə imkan verən müasir optik müşahidə texnologiyası kimi istifadə olunur.






