Son dəqiqə

Türkiyə Şimali Kipr Türk Respublikası dezinformasiya ilə mübarizə Türkiyə

Şimali Kipr sularından raket atılması iddiaları dezinformasiyadır - Ankara

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin nəzdində fəaliyyət göstərən Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) sosial şəbəkələrdə yayılan "Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) ərazi sularından çoxsaylı raket fırlatılıb" iddialarının həqiqəti əks etdirmədiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, rəsmi qurum bəzi sosial şəbəkə hesablarında paylaşılan görüntülərin manipulyasiya xarakterli olduğunu bəyan edib. Mərkəzin yaydığı məlumatda qeyd olunur ki, nə Türkiyə, nə də ŞKTC-nin ərazi sularında hər hansı raket atışı qeydə alınmayıb.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, bəhs edilən görüntülərdəki raket atışları Şimali Kiprin su sərhədlərindən kənarda, beynəlxalq sularda həyata keçirilib. DMM ictimaiyyəti dezinformasiya məqsədi daşıyan bu cür əsassız paylaşımlara etibar etməməyə və yalnız rəsmi mənbələrin məlumatlarını diqqətə almağa çağırıb. Xatırladaq ki, Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda sosial mediada bu cür iddiaların yayılması regionda ciddi narahatlığa səbəb olmuşdu.

Mövzuya görə xəbərlər