Son dəqiqə

İsrail İran ABŞ Qətər Səudiyyə Ərəbistanı Donald Tramp Hakan Fidan Türkiyə XİN

Hakan Fidan: İsrail sülh istəmir, müharibənin uzanma riski var

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin atəşkəs və sürətli sülh prosesinə maraq göstərmədiyini bildirərək, Yaxın Şərqdəki müharibənin daha uzun müddət davam edə biləcəyi barədə xəbərdarlıq edib.

TurkicWorld xəbər verir ki, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfərindən sonra mətbuata açıqlama verən nazir prosesin gedişatında ABŞ-ın mövqeyinin həlledici olacağını vurğulayıb. Hakan Fidanın sözlərinə görə, İsrail ABŞ-a təsir edərək atəşkəsin qarşısını almağa və müharibəni mümkün qədər uzadaraq İrana daha çox zərər verməyə çalışır. Nazir qeyd edib ki, İsrail rəhbərliyi özü üçün vacib hesab etdiyi hərbi və sənaye hədəflərini tamamilə məhv etmədən əməliyyatları dayandırmaq niyyətində deyil.

Körfəz ölkələrinin hazırda intensiv hücumlara məruz qaldığını diqqətə çatdıran nazir Fidan, bu ölkələrin öz hava sahəlarini və bazalarını İrana qarşı istifadəyə verməyəcəklərini bəyan etdiklərini xatırladıb. O, İranın təkcə hərbi obyektləri deyil, həm də mülki infrastrukturu və iqtisadi hədəfləri qəsdən hədəf aldığını, bu vəziyyətin region ölkələrini əks-tədbirlər görməyə məcbur edə biləcəyini vurğulayıb. Nazir Türkiyənin ilk gündən həm İsrailin yayılmaçılıq siyasətinə, həm də İranın müharibəni regiona yaymaq cəhdlərinə qarşı çıxdığını bildirib.

Diplomatik səylərin davam etdirildiyini qeyd edən Hakan Fidan, Türkiyənin regionda sabitlik axtarışında olduğunu və rəsmi Ankara tərəfindən irəli sürülən təkliflərin münaqişənin həlli üçün böyük əhəmiyyət kəsb etdiyini əlavə edib. O, həmçinin Avropa İttifaqı ilə münasibətlərə toxunaraq, Türkiyənin üzvlük hədəfinin dəyişməz qaldığını, lakin Avropada bu prosesi irəli aparacaq siyasi iradənin ortaya çıxmasının vacibliyini ifadə edib.

Mövzuya görə xəbərlər