BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhaneddin Duran, Ramazan bayramı namazını qılmaq istəyən müsəlmanlara qarşı İsrail qüvvələrinin həyata keçirdiyi müdaxiləni kəskin şəkildə pisləyib.
TurkicWorld xəbər verir ki, Duran bu hərəkəti dini etiqad azadlığının və insan ləyaqətinin kobud şəkildə pozulması kimi qiymətləndirib.
Burhaneddin Duran bəyanatında bildirib ki, sülh və qardaşlıq rəmzi olan bayram günündə ibadət edənlərə hücum etmək İsrailin beynəlxalq hüququ və bəşəri dəyərləri tanımamasının növbəti sübutudur: "İsrailin heç bir qanun və prinsip tanımayan bu vəhşi hərəkəti tarixin daha bir rüsvayçı səhifəsinə çevrildi".
Türkiyə rəsmisi vurğulayıb ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında rəsmi Ankara Məscidül-Əqsanın statusuna və müqəddəsliyinə qarşı istənilən qanunsuz addıma qarşı qətiyyətlə dayanmağa davam edəcək. Türkiyə beynəlxalq ictimaiyyəti bu cür pozuntulara qarşı səssiz qalmamağa çağırıb.







