BAKI, TurkicWorld, Orxan Qədirzadə
Yaxın Şərqdə artan hərbi gərginlik fonunda Türkiyənin Şimali Kipr Türk Respublikasının təhlükəsizliyi ilə bağlı yeni planları müzakirə olunur.
TurkicWorld xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyinə istinad edən mənbələr son regional hadisələr fonunda Şimali Kipr Türk Respublikasının təhlükəsizliyinin təmin olunması məqsədilə mərhələli planlaşdırmanın aparıldığını açıqlayıb. Bildirilib ki, müzakirə edilən variantlardan biri F-16 qırıcı təyyarələrinin adada yerləşdirilməsi məsələsidir.
Nazirlik mənbələrinin sözlərinə görə, regionda baş verən son hadisələr və təhlükəsizlik riskləri nəzərə alınaraq müxtəlif hərbi ssenarilər qiymətləndirilir. Bu çərçivədə Şimali Kipr Türk Respublikasının müdafiə imkanlarının gücləndirilməsi istiqamətində bir sıra tədbirlər planlaşdırılır.
Məlumata görə, Yaxın Şərqdə ABŞ və İsrail tərəfindən İrana qarşı həyata keçirilən hücumların səkkizinci günündə də davam etməsi regional təhlükəsizlik vəziyyətini daha da gərginləşdirib. İran tərəfi isə bu hücumlara cavab olaraq qarşı tədbirlər gördüyünü bildirir.
Belə bir şəraitdə Ankarada Şimali Kipr Türk Respublikasının təhlükəsizliyinin təmin olunması ilə bağlı əlavə addımların atılması məsələsi gündəmə gəlib. Türkiyə hərbi mənbələri adaya döyüş təyyarələrinin yerləşdirilməsi ehtimalının nəzərdən keçirilən variantlardan biri olduğunu qeyd edib.
Rəsmi dairələr bildirir ki, regionda baş verən hadisələrin inkişafı diqqətlə izlənilir və təhlükəsizlik riskləri nəzərə alınaraq müvafiq qərarlar qəbul ediləcək.







